Rusiya prezidenti Vladimir Putin ötən gün dekabrın 24-də Müdafiə Nazirliyinin kollegiya iclasında ölkəsinin yeni silah sistemləri üzrə dünyada liderliyi ələ aldığını açıqlayıb. Putin deyib ki, Rusiya dünyada hipersəs sürətli silahlara malik olan yeganə ölkədir.
KONKRET.az xəbər verir ki, Putin soyuq müharibə dövründə Sovet İttifaqının ABŞ-dan atom bombalarında, habelə strateji bombardmançıların və qitələrarası ballistik raketlərdə geridə qaldığını bildirib. “Lakin bu gün bizim ən yeni və yeni tariximizdə unikal situasiyadır: bizdən geri qalırlar. Dünyanın heç bir ölkəsində ümumiyyətlə hipersəs sürətli silahlar yoxdur, xüsusən də kontinental məsafəli hipersəs silahlar”,-Rusiya prezidenti deyib.
Putin iclasda bildirib ki, artıq ilk qoşun hissəsi qitələrarası “Avanqard” hipersəs raketləri ilə təchiz olunub və bu raketlər döyüş növbəsindədir. Habelə “Kinjal” hipersəs sürətli raketi də artıq silahanmada yer alır.
“The Washington Post” qəzeti Rusiya prezidentinin bu çıxışı ilə bağlı yazır ki, Pentaqon və ABŞ silahlı qüvvələri son illərdə hipersəs sürətli raketlərin üzərində işləyir. Bu ilin avqust ayında müdafiə naziri Mark Esper belə silahların “çox güman ki, iki il sonra” silahlanmaya daxil olacağını açıqlayıb. O, böyük məsafələrə uça bilən yeni zərbə vasitələri üzərində işi hərbçilər üçün prioritet adlandırıb.
Qəzet yazır ki, ABŞ Müdafiə Nazirliyi dəfələrlə Konqresi Rusiya və Çinin hipersəs sürətli silahlar işləyib hazırladığı haqda xəbərdar edib. Buna cavab olaraq ABŞ rəsmiləri kosmosda müşahidə vasitələrinin yerləşdirilməsi və düşmənin raketlərinin daha erkən aşkarlanması imkanları barədə danışıqlar aparır. Administrasiya habelə kosmosda raketləri zərərsizləşdirmək üçün sistemlər yerləşdirməyi nəzərdə tutur. ABŞ-da hazırda bunun üzərində iş gedir ki, düşmənin hipersəs sürətli raketini uçuşun ilk dəqəqələrində, hələ sürətyığma mühərrikinin işlədiyi vaxtda məhv etmək mümkün olsun.
“The Washington Post” Putinin çıxışı ilə bağlı Pentaqonun rəsmi nümayəndəsi Robert Karverdən soruşub. Podpolkovnik Karver bildirib ki, Rusiyadan daxil olan xəbərlərlə tanışdır, amma bunu şərh etmək niyyətləri yoxdur.
Putin ötən gün Müdafiə Nazirliyinin iclasında onu da deyib ki, NATO-nun Rusiyanın qərb sərhədlərində qoşun yerləşdirməsi və ABŞ-n orta və yaxın mənzilli raketlərə dair 1987-ci il müqaviləsindən çıxması təhlükəsizliyə başlıca təhdiddir. Ona görə də Rusiya dünyada ən yaxşı silahlarla silahlanmalıdır. “Bu, şahmat deyil ki, hərdən heç-heçə ilə də qane olaq. Texnika yaxşı olmalıdır. Biz buna nail ola bilərik və artıq mühüm inkişaf istiqamətlərində nail oluruq”, – Rusiya prezidenti deyib.
Müdafiə naziri Sergey Şoyqu iclasda məruzə edib ki, bu il ərzində hərbçilər 143 təyyarə və vertolyot, 624 tank, bir sualtı qayıq və 8 suüstü gəmi alıb. Onun sözlərinə görə, Rusiya ordusunun modernləşdirilməsi gələn il də eyni templə davam edəcək.
Putin isə qeyd edib ki, digər perspektiv silah növlərinin -“Sarmat” qitələrarası ballistik raketinin, nüvə mühərrikli “Poseydon” sualtı aparatının və yenə də nüvə mühərrikli “Burevestnik” raketinin hazırlanması üzərində iş plan üzrə gedir.