Rusiyalı milyarder və USM holdinqinin təsisçisi Əlişir Usmanov Almaniya Federal Məhkəməsində Avropa İttifaqı (Aİ) Şurasına qarşı iddia qaldırıb. O, qurumu Rusiya prezidenti Vladimir Putinlə “yaxın əlaqələri” barədə yayılan iddialara görə böhtanda ittiham edir.
KONKRET.az xəbər verir ki, Forbes-də dərc olunan məqalədə Usmanovun “Putini dəstəklədiyi və biznes işləri ilə məşğul olduğu” iddia olunub. Lakin Hamburq məhkəməsi bu fikirləri əsassız sayaraq, onların fakt deyil, müəllifin şəxsi rəyi olduğunu açıqlayıb. Usmanovun vəkili Yoahim Ştaynhofel bildirib ki, “jurnalistin fikrinin ifadəsi sanksiya üçün əsas ola bilməz”.
Eyni zamanda Avstriyanın “Kurier” qəzetində Usmanovun “Putinin sevimli oliqarxı” adlandırıldığı ifadə də məhkəmə tərəfindən əsassız hesab olunub və nəşrdən çıxarılıb.
Ümumilikdə, Usmanovun hüquqşünasları Avropa mediasında onun Putinlə əlaqələrinə dair yüzdən çox istinadın silinməsinə və ya düzəldilməsinə nail olublar.
“Bizim nümunələr göstərir ki, Aİ Şurası mənbələri yoxlamır və mətbuatdan dəqiqləşdirilməyən çıxarışlarla kifayətlənir, hətta müəllif məhkəmədə sözünü geri götürsə belə”, – Ştaynhofel vurğulayıb.
Milyarderin iddiası onun Aİ sanksiya siyahısına daxil olunmasına etiraz etmir.
Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra Usmanov ABŞ, Böyük Britaniya və Aİ-nin sanksiya siyahısına salınıb. O, Putinlə yaxınlığını və Kremlin maliyyə çevrəsinə daxil olduğunu inkar edərək məhdudiyyətlərin ləğvinə çalışsa da, məhkəmələr sanksiyaların tətbiqini haqlı sayıb.
Aynurə İsmayıl
KONKRET.az