Xəbər verildiyi kimi, Gürcüstan 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) daxil olmaq məsələsini gündəmə gətirməmək qərarına gəlib. Bu bəyanatla Gürcüstanın Baş naziri İrakli Kobaxidze çıxış edib. Onun sözlərinə görə, Aİ-yə inteqrasiyanın mərhəmət kimi nəzərdən keçirilməsi qətiyyən qəbuledilməzdir. Baş nazir deyib ki, Aİ-yə üzvlük məsələsi ilə bağlı danışıqların başlanması Gürcüstanı şantaj etmək üçün alət kimi istifadə olunur. Gürcüstan 2028-ci ilin sonunadək Aİ-dən istənilən büdcə qrantından da imtina edib.
Hazırda hakimiyyətdə olan “Gürcü Arzusu”nun ruspərəst olduğu iddia edilir. Elə Gürcüstanın da danışıqlardan imtina etməsini Rusiya ilə əlaqələndirirlər.
Görəsən, bu iddiaların doğruluq payı nə qədərdir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tural İsmayılov qeyd edib ki, danışıqların dayandırılmasını Rusiya ilə əlaqələndirmək səhv addımdır:
“Gürcüstandakı mühafizəkar hakimiyyəti ruspərəst adlandıranlar məqsədli şəkildə sözügedən ölkənin ətrafında informasiya məkanı formalaşdırmağa çalışırlar. Qonşu dövlət “Xarici agentlər haqqında” Qanunu güclü təzyiqlər fonunda qəbul etdi. Sorosçular və Qərb fondları müxtəlif layihələr adı altında regionda yerləşmək istəyirlər. Gürcüstanın vətənpərvər hakimiyyəti bu prosesin qarşısını almağı bacardı. Seçkilər dönəmində də demokratiyadan, insan haqlarından dəm vuranlar daxili vəziyyəti qəlizləşdirməyə çalışdılar. Avropa Parlamenti bu gün Gürcüstanla təhdid dilində danışır. Gürcüstan da buna görə Aİ ilə danışıqları dayandırdı. Qərbə qarşı duruş gətirmək lazımdır. Onlar üçün əsas məqsəd ərazi bütövlüyünün bərpasıdır. Bütün bunların fonunda Qərb Ukraynadan sonra Gürcüstanda da ikinci məğlubiyyətini aldı”.
Məlik,
KONKRET.az