Qloballaşan dünyada milli adət-ənənələr necə qorunmalıdır? – ŞƏRHbackend

Qloballaşan dünyada milli adət-ənənələr necə qorunmalıdır? - ŞƏRH

Müstəqil Azərbaycanın inkişafında, ölkədə həyata keçirilən müasir dövlət quruculuğu prosesində ümumbəşəri prinsip və təcrübə ilə yanaşı, xalqımızın qədim tarixi irsinə, mədəni, mənəvi dəyərlərinə istinad xüsusi əhəmiyyət kəsb edir.

Ümummilli lider Heydər Əliyev hər bir Azərbaycan vətəndaşını ölkəmizin zəngin irsinə həssas yanaşmağa və sahib çıxmağa çağırırdı: “Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Ölkəmizin tarixi, mədəni, elmi irsinin öyrənilməsi və təbliği daim öz aktuallığını qoruyub saxlayır. Milli dəyərlərin qorunması isə dövlətin diqqət mərkəzindədir.

Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynovun sözlərinə görə, hazırki dövrdə Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrimizin təbliği mühüm əhəmiyyət kəsb edir. Çünki mənfur düşmənlərimiz hər zaman Azərbaycan tarixini kiçiltmək, dövlətçilik tariximizə kölgə salmaq istəyiblər:

“Eyni zamanda düşmən öz tarixini böyütməyə, genişləndirməyə və mifoloji xarakter verməyə çalışıb. Bu gün Ermənistan gerbinə nəzər salsaq, orada tarixən mövcud olan “dövlət”lərin öz əksini tapdığını görə bilərik. Belə ki, ermənilər 4 dövlət əsnasında öz dövlətçilik tarixlərini qələmə verirlər. İlk xristian dövləti olduqlarını bütün dünyaya təbliğ etməklə məşğuldurlar. Bu mənada Azərbaycanın tarixən imperiya qurmuş dövlətlərinin təbliğ olunması müstəsna əhəmiyyət daşıyır. Əlbəttə, müasir beynəlxalq münasibətlər sistemində tarixi dövlətlər, varislik və onların reviziya olunması o qədər də xoş qarşılanmır. Münhen Təhlükəsizlik Konfransında Prezidenti İlham Əliyev və Nikol Paşinyan debatda olarkən, Tiqran haqqında fikirlərin Ermənistan baş naziri tərəfindən irəli sürülməsi auditoriyada neqativ qarşılanıb və gülüşə səbəb olub. Ona görə də, bu gün dövlətçiliyin təbliğ olunmasının önəminə rəğmən, gələcək haqqında da təsəvvürlər formalaşdırmaq, yeni dünya nizamına uyğun davranışlar sərgiləmək daha çox əhəmiyyət daşıyır. Qloballaşan dünyada bu gün milli adət-ənənələrin qorunması çox önəmlidir. Dünya ona görə qütbləşir və vahid mərkəzdən idarə olunmaq mövcudluğunu itirir ki, adət-ənənələri birqütblü dünya tapdalayır və əzir. Yeni dünya insanı yaratmaq üçün fəaliyyət göstərir. İnkişaf etməmiş dövlətlər isə buna qarşı öz fikirlərini ifadə edirlər”.

Ekspert əlavə edib ki, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi zamanında biz gördük ki, mütərəqqi və proqressiv ideyalar haqqında bəhs edən, eləcə də müasir texnologiyaların yaradılması və onların bütün dünyaya ixracı istiqamətində fəaliyyət göstərən böyük dövlətlər, bu texnologiyaları bölüşmür.

“Böyük dövlətlər dünyanın digər bir qisminə yalnız kollektiv bazar kimi baxır və öz məhsullarını satmaqla məşğul olurlar. Bu səbəbdən də, digər qütblər öz etiraz səsini ucaldır. Bu gün biz müasir siyasi texnologiyalar dövründə qlobal Şimal və Cənub terminini tez-tez eşidirik. Qlobal Cənub bu gün həm texnologiyaların formalaşması, həm də onların ixracı işində heç də Şimaldan geri qalmır və onunla ayaqlaşmağa çalışır. Ona görə də, biz öz milli adət-ənənələrimizi, elm və mədəniyyətimizi daha yaxşı bilməli, təbliğ etməli və onun keşiyində dayanmalıyıq. Çünki müasir dövrümüz, sosial şəbəkələr, süni intellekt, kiber təhlükəsizliklərinin olduğu bir dövrdə məhz milli adət-ənənələr təzyiqlərə məruz qalır. Mühafizəkar dəyərlər yıpranır, onları təsir altına salaraq gənclərimizi də zəhərləməklə məşğul olurlar. QHT-lər, media resursları da bu istiqamətdə önəmli alətə çevrilir. Bu gün hibrid müharibələr konteksində məhz dövlətçiliyin inkişaf etdirilməsi, milli adət-ənənələrə sahib çıxmaq, elmin, texnologiyanın inkişafı, o cümlədən mədəniyyətin və incəsənətin təbliğ olunması müstəsna əhəmiyyətə malikdir”.

Qeyd edək ki, Azərbaycan gəncləri dünyanın hər yerində ölkə həqiqətlərini yaymaqla məşğuldur. Həmçinin, öyrəndikləri təcrübələri Azərbaycanda tətbiq edirlər. Azərbaycan dövlətçiliyi həyatın bütün sahələri, o cümlədən gənclər üçün hər cür şərait yaradıb. Ona görə də gənclərimiz dövlətçilik tarixinin, milli adət-ənənələrin, elm və mədəniyyətin təbliği ilə bağlı əlindən gələni əsirgəməməlidir.

Müşviq Tofiqoğlu

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*