Qohum evlilyi QADAĞAN EDİLSİN: “Bu, bir növ İNSESTƏ bənzəyir”backend

Qohum evlilyi QADAĞAN EDİLSİN: “Bu, bir növ İNSESTƏ bənzəyir

Hazırda dünyanın bir çox aparıcı ölkələrində qohumlar arasında nikahların qadağan edilməsi ilə bağlı qanun qüvvədədir. Çin, Yaponiya, ABŞ, Böyük Britaniya, Türkiyə, İsveçrə, Cənubi Koreya kimi bir sıra ölkələrdə ana və atanın qardaş və bacılarının uşaqları, habelə övladlığa götürülmüş uşaqlar arasında nikahlar yasaq edilib.

Belə bir qanunun cəmiyyətdə ailə institutunun möhkəmlənməsinə, eləcə də uşaqların hüquq və mənafelərinin qorunmasına yönəldildiyi vurğulanır. Məhz bu baxımdan Azərbaycanda da oxşar qanunun qəbul olunması nə dərəcədə məqbul sayıla bilər?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrincə, ölkəmizdə də qohum nikahlar qadağan edilməlidir:

“Eyni qanı daşıyan insanlar bir-biri ilə evlənməməlidir. Çünki onlar da dolayısı ilə bacı-qardaş sayılır. Və belə evliliklərdən dünyaya gələn uşaqlar çox vaxt qüsurlu olurlar. Digər tərəfdən, ailələr boşananda qohumlar arasındakı münasibətlər pozulur, hətta düşmənçilik həddinə qədər gedib çıxır. Bu baxımdan mən ölkəmizdə də belə bir qanunun qəbul olunmasının tərəfdarıyam”.

Psixoloq Vüsalə Əmiraslanova da qohum evliliklərinin qadağan edilməsinin tərəfdarıdır:

“Çünki bu məsələdə nəinki uşaq hüquqlarının qorunması önə çəkilir, erkən nikahlar və boşanmalarla yanaşı, xəstə uşaqların dünyaya gəlməsinə səbəb olur. Sirr deyil ki, qohum evliliyində əksər hallarda hər iki genin daşıdığı problemlər uşaqlara keçir. Və sonda elə bir xəstəliklə doğulurlar ki, onlara ana-ata öz büdcəsi hesabına baxa bilmir. Nəticədə qohumluq nikahına razılıq verəndə bu barədə heç nə düşünməyən valideynlər sonra dövlətdən yardım tələb edirlər. Digər tərəfdən böyük qüsurlarla doğulan uşaqlara valideynlər lazımi qədər diqqət və qayğı göstərə bilmədikləri üçün onlar çox vaxt təhsildən də yayınırlar, şəxsiyyət kimi formalaşa bilmirlər”.

V.Əmiraslanova bütün bu məsələləri nəzərə alaraq Azərbaycanın da qohum nikahlara qarşı çıxan ölkələr sırasına qoşulmasını məqbul sayır. Onu da əlavə edir ki, ölkəmizdə gələcəkdə bu cür qanun qəbul olunsa da, mentalitetimizdən irəli gələn analoji hallar yenə də gizlin şəkildə baş verəcək. Ona görə də üstü açılacaq belə nikahlara qarşı cəza və cərimə tədbirləri də nəzərdə tutulsa, yaxşı olar.

Yeri gəlmişkən, qohum evliliklərinin daha çox erkən nikahlarla müşayiət olunduğunu nəzərə alsaq, bu məsələnin cəmiyyətdə necə böyük travmalar yaratdığı da diqqət çəkir.

KONKRET.az-a mövzunu hər iki kontekstdən izah edən psixoloq Vəfa Rəşidova Dəmir belə halları dəhşətli sayır:

“Qohumluq əlaqələrində yaranan, davam edən travmaların sayı-hesabı yoxdur. Ən çox söz-söhbət yaşanan, uşaqların həyata gətirilməsində, onların sağlamlığında ən çox problemlə qarşılaşanlar belə ailələrdir. Hətta qohumlar arasında mübahisə də həmin cütlüyə yansıyır. Və çox zaman belə ailələr darmadağın olur, nəticədə erkən boşanmaların sayı artır. Çünki bizim cəmiyyətdə qohum evlilikləri həddindən artıq çoxdur və boşanmaların artması da ailədaxili münasibətlərin verdiyi fəsadlardan qaynaqlanır”.

Psixoloq hesab edir ki, bu məsələdə qohumlar arasında bağlanan erkən nikahlar da öz mənfi təsirini göstərir:

“Əksər hallarda valideynlərin istəyi və təkidi, hətta hər hansı marağı ilə erkən nikaha məcbur edilən cütlüklər bir müddətdən sonra bir növ ayılmış olurlar və bir-birilərinə uyğun olmadıqlarını anlamağa başlayırlar. Və getdikcə münasibətlərinin gərginləşməsi fonunda daha da aqressivləşirlər. Nəsil-kökdə böyük toqquşmalar, gərginliklər, hətta düşmənçilik yaranır. Beləcə cəmiyyətdə aqressiya artır. Bu baxımdan düşünürəm ki, qohum evliliklərinin heç bir yaxşı tərəfi yoxdur”.

Vəfa Dəmirə görə, bu, bir növ insestə (doğmalar arasında intim əlaqə) də bənzəyir: “Amma yenə də insanlar bunu insest kimi qəbul etmirlər. “Bu, uzaq qohumdur”, – deyib özlərinə haqq qazandırırlar. O baxımdan mən qohum evliliyini qadağan edən qanunun qəbul edilməsinin tərəfdarıyam. Doğrudur, bəziləri bunu insanların hüquqularının məhdudlaşdırılması kimi də anlaya bilər. Amma fikrimcə, belə bir qadağa olsa, həm erkən evlilik, həm də boşanma halları azalar. Biz çox vaxt boşanma məqamına diqqət eləmirik, statistika isə göstərir ki, ən çox boşanan insanlar da elə məhz bu kateqoriyadan olanlardır”.

Sevinc Paşayeva,

KONKRET.az

P.S. Mövzu ilə bağlı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Nigar Arpadarainin də mövqeyini öyrənmək istəsək də, deputat sorğumuzu cavablandırmadı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*