Son günlər İstanbulda tibb müəssisələrinin qəbul şöbələrində xəstə sıxlığı yaranıb.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir çox insan qrip və soyuqdəymədən şikayət edərək xəstəxanalara üz tutur.
Amma xəstələrin sağalmaq üçün sığındığı həkimlərin özləri də vəziyyətlərindən şikayətçidir. Onlar da ölkəni bürüyən qrip epidemiyasına yoluxublar.
Həkim Özgür Çevim vəziyyəti anomal hava şəraiti ilə əlaqələndirib: “Dekabr ayındayıq, amma havanın temperaturu 19 dərəcədir. Sanki sentyabr ayıdır. İnsanlar çöldə qısaqol geyimdə gəzir. Axşama doğru isə hava soyuyur. Elə xəstəlik də burdan başlayır. İnsanlar havanın temperaturunu dəqiq müəyyən edə bilmirlər”.
Həkim həmçinin ölkədə qeydə alınan küləkli hava şəraitinin də əhalinin sağlamlığına mənfi təsir etdiyini deyib: “Son 2-3 gündə insanlarda halsızlıq, baş ağrısı kimi hallar yaranıb. Bu da küləyin özü ilə gətirdiyi problemlərdən biridir”.
Həkim Özgür Çevim əhaliyə səhhətində hər hansı dəyişiklik hiss etdiyi zaman xəstəxanaya müraciət etməyi məsləhət görüb.
Qeyd edək ki, Azərbaycanda da havanın temperaturu mövsümə uyğun deyil. Dekabr ayı olmasına baxmayaraq, ölkəmizdə mülayim hava şəraiti müşahidə olunur.
Hazırladı: Günel MUSEYİB