Prezident Adminstrasiyasının uzun illər rəhbəri olmuş Ramiz Mehdiyevin barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən sonra bir çox siyasətçi və deputatların adı onunla hallandırılır.
Belə şəxslərdən biri də Milli Məclisin deputatı Aydın Mirzəzadədir. Müxtəlif mənbələrdə yazılan məlumatlara görə, Aydın Mirzəzadəyə deputatlıq mandatı məhz Ramiz Mehdiyev tərəfindən verilib.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Aydın Mirzəzadə demokrat.az-a açıqlamasında Ramiz Mehdiyev tərəfindən deputat təyin edilməsi iddialarına belə reaksiya verib:
“Ramiz Mehdiyevə qarşı DTX tərəfindən ittiham irəli sürülüb və ev duqtaqlığı haqqında qərar qəbul edilib. Bu günlərdə bəzən kimlərinsə Ramiz Mehdiyevlə şəklini yanaşı qoyaraq öz fərziyəsini irəli sürənlər tapılır. Mən 1997-2000-ci illərdə Prezidentin İcra Aparatında işləmişəm. Məni vəzifəyə təyin edərkən ümumilli lider Heydər Əliyev qəbul edib, suallar verib, eyni zamanda görəcəyim işi izah edib. Üç il ərzində Prezident Adminstrasiyasında mənə həvalə edilən sahə ilə bağlı işləmişəm.
Yeni Azərbaycan Partiyası yaranandan bu yana üzvüyəm. Məni deputatlığa namizəd Heydər Əliyevin sədr olduğu YAP irəli sürüb. Sonradan dəfələrlə partiya yenidən mənə etimad göstərib, namizədliyimi irəli sürüb. Mingəçevirdə rəqabətli seçkilərdə iştirak etmişəm, müxalifət nümayəndələri ilə debatlara çıxmışam və seçici səsi ilə deputat olmuşam. Mənə mandatı xalq, Azərbaycan seçicisi verib. Mənim yolum 90-cı ilin əvvəlindən Heydər Əliyev, indi isə İlham Əliyev yoludur. Fəaliyyətimdə həmişə şəffaf olmuşam, özümü YAP-ın nümayəndəsi hesab edirəm”.
Aydın Mirzəzadə Ramiz Mehdiyevlə ünsiyyətinin olub-olmaması sualına cavab olaraq qeyd edib ki, onunla heç bir münasibəti olmayıb:
“Ramiz Mehdiyevlə mənim heç bir kontaktım olmayıb. Mən Aparatda işləyəndə belə onunla münasibətimiz olmayıb. O Aparatın rəhbəri idi, mən ancaq şöbə müdiri ilə təmasda olurdum. Məktublarla işləyirdim, siyasi partiya rəhbərləri ilə görüşürdüm, tədbirlərin təşkilində iştirak edirdim. Ramiz Mehdiyevi ancaq ümumi iclaslarda kənardan görmüşəm. Onun birbaşa məni dəvət edib hansısa xüsusi tapşırıqlar verməsi halları olmayıb.
Ramiz Mehdiyevin vaxtında Aparatda işləyənlərin hamısını onun adamı hesab etmək məntiqə uyğun gəlmir. Onun rəhbər olduğu 25 il ərzində Aparatda bəlkə minlərlə insan keçib. Bu gün kimisə sırf Prezident Aparatında işlədiyinə görə ittiham etmək qətiyyən düzgün deyil.
Mən YAP üzvüyəm və YAP-in xəttinə sədaqətli olan insanam. Partiyamızın, Prezidentimizin xəttindən kənar yola heç vaxt maraq göstərməmişəm”.
Həbslərin davam edəcəyi təqdirdə bunların arasında deputatların da olma ehtimalından danışan Aydın Mirzəzadə bildirib ki, bu, birbaşa istintaqın işidir:
“Müxtəlif fərziyələr irəli sürülür. İstintaq özü müəyyənləşdirəcək ki, Ramiz Mehdiyev kimlərlə işləyib və s. DTX ciddi orqandır, istintaqın şəffaf gedəcəyi və məhkəmədə hər şeyin bəlli olacağı gün kimi aydındır. Məktubla tanış oldum və təssüf edirəm ki, uzun müddət yüksək vəzifədə işləmiş adam sən demə daxildə tamam başqa planlar qururmuş”.
