Cinayət məsuliyyətinə cəlb olunaraq barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin qızı da vəzifəli şəxsdir.
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, onun qızı Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir.
Psixologiya elmləri doktoru, professor K.Əliyeva uzun illərdir bu vəzifədə işləyir.
O, həmçinin keçmiş deputat İlham Əliyevin həyat yoldaşıdır.
Qeyd edək ki, K.Əliyeva 1970-ci ildə Moskva şəhərində anadan olub. 1987-ci ildə BDU-nun biologiya fakültəsinə daxil olub, 1992-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, Zoologiya İnstitutunda əmək fəaliyyətinə başlayıb. 1998-2002-ci illərdə BDU-nun psixologiya kafedrasının dissertantı olub.
2002-ci ildə “Yaradıcılıq şəxsiyyətin inkişaf amili kimi” mövzusunda namizədlik dissertasiyasını, 2009-cu ildə isə “Şəxsiyyətin yaradıcı potensialının formalaşmasının psixoloji problemləri” mövzusunda psixologiya elmləri üzrə doktorluq dissertasiyasını müdafiə edib.
K.Əliyeva 1999-cu ildən psixologiya kafedrasında müəllim, 2004-cü ildən dosent vəzifəsində çalışır. 2010-cu ildən kafedranın professorudur. Həmin ildən Sosial və pedaqoji psixologiya kafedrasının müdiri vəzifəsində çalışır.
R.Mehdiyevin oğlu, general-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.
Qeyd edək ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.