“Rasim Balayevi mən onda alqışlayardım ki…” – “Fəlakət”backend

"Rasim Balayevi mən onda alqışlayardım ki..." - "Fəlakət"

“Mən Fəlakət obrazının paltarını geyinən kimi uşaqlar deyillər, bu dəlidir, bu yenə çöndü. Çünki paltarı geyinən kimi, düşüncələrim, baxışım dəyişir, hətta gözlərim də gedir. Obrazı içimdə yaşayıram. Əsasən, film çəkilişlərində proses çox uzun çəkəndə hiss edirəm ki, obraz mənim öz kimliyimi təsiri altına salır”.

KONKRET.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri kulis.az-a müsahibəsində aktyor Elşən Orucov deyib.

O, “Bozbash Pictures”dakı obrazının təsiri altına düşdüyünü etiraf edib:

“Filmlərin fonu üçün mahnılar axtaranda bayağı mahnılara o qədər qulaq asmışdım ki, o mahnılar artıq mənim xoşuma gəlməyə başlamışdı. Qulaq öyrəşmişdi, psixoloji təsir etmişdi. Bəhanəm də o idi ki, layihə üçün dinləyirəm. Amma yaxın ətrafım hiss etmişdi ki, yalan deyirəm. Onlar mənə demişdilər, musiqi dinləməyə ara ver, bir az uzaqlaş. Yəni belə hallar olmuşdu. Amma Fəlakəti çox oynamayanda ondan ötrü darıxıram. Mənim üçün Fəlakət artıq bir insandır, o, mənim dostumdur. Həyatımda elə bir adam artıq var. Həyatda deyə bilmədiklərimi Fəlakət vasitəsi ilə deyirəm. Mən Fəlakəti on milyonluq tamaşaçı üçün təqdim edirəm”.

“Sizcə, niyə Əliağa Ağayevin, Səyavuş Aslanın, Yaşar Nurinin yumoruna, komediyasına peşəkar münasibət var, amma sizə yox” sualına E.Orucov “Allah rəhmət eləsin, Yaşar Nuri 40-45 yaşından sonra sənətkar oldu. Siz onun mən yaşda bir obrazını göstərin ki, o obrazla Yaşar Nurini sənətkar adlandırıblar. Bizə də qiymət verməyin hələ vaxtı deyil” sözləri ilə cavab verib.

Aktyor Xalq artisti Rasim Balayevin Fərda Xudaverdiyev və Müşfiq Abbasov haqqında səsləndirdiyi “meymun” ifadəsi haqda da fikrini söyləyib:

“Bir azərbaycanlı kimi, bir vətəndaş kimi elə sözlər işlətmək olmaz. O, bizim haqqımızda da buna bənzər sözlər demişdi. Buna baxmayaraq, xətrini çox istəyirəm. Onun Azərbaycan sənətində gördüyü konkret işlər var. Bəlkə də biz onun elədiklərini edə bilməyəcəyik. Yəqin, sualı düzgün qoymayıblar, ya da onu elə bir həddə çatdırıblar ki, elə sözlər deyib. Belə sözlər bizə mənəvi cəhətdən çox pis təsir edir. Fərda da, Müşfiq də, mən də Azərbaycan xalqına xidmət edirik. Rasim müəllim də həmçinin. Ona görə də belə fikirlər səsləndirəndə fikirləşmək lazımdır. Bu sözlər düşmən haqqında deyilmir. Rasim müəllimi mən onda alqışlayardım ki, Fərda ilə Müşfiqi çağıraydı, üzlərinə deyəydi. Deyəydi, qardaş, sizin elədikləriniz mənim xoşuma gəlmir, gəlin bu sənəti bilən dostların köməyi ilə daha yaxşısını edin. Söhbət təkcə Rasim müəllimdən getmir. Ümumi deyirəm. Yenə o, ürəklidir, çıxıb birbaşa efirdən deyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*