Azərbaycanda məhkəmə-hüquq sistemində vaxtaşırı islahatlar aparılır. Lakin məhkəmə işi və hüquq təminatından narazı sakinlərin sayı azalmır.
KONKRET.az olaraq məsələyə aydınlıq gətirmək üçün Milli Məclisinin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayevlə əlaqə saxladıq.
Millət vəkili özəl açıqlamasında bildirdi ki, əslində, Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı qanunvericiliyimiz ən yüksək səviyyədədir:
“Hətta deyərdim ki, bizim konstitutiyamızda insan hüquqlarını, fundamental azadlıqları qorumaq üçün daha çox müddəalar nəzərdə tutulub. Amma həyata keçirtmək mümkün deyil. Müxalifət də məhz bunları əsas gətirərək hökuməti ittiham edir, vətəndaşlar da narazılığını bildirir. Mənə elə gəlir ki, problem qanunvericilikdə və qanunlarımızda deyil. Qanunvericilik və qanunlarımız yaxşıdır, sadəcə onların bəzilərinin reallaşdırılması mümkün olmur”.
Razi Nurullayev görkəmli şəxslərdən birindən sitat da gətirdi ki, hər şeyin təsbit olunduğu, lakin icra olunmayan gözəl qanunlardansa, həyata keçirilən ən pis qanun yaxşıdır:
“Yəni bir qanun pis ola bilər, ancaq düzgün həyata keçirilirsə, o, reallaşdırılmayan gözəl cümlələrlə dolu qanundan daha mütərəqqidir. Hesab edirəm ki, Azərbaycan ikinci müstəqillik dövründə daha çox nailiyyətlər əldə etmək istədi, insanlara daha çox azadlıq vermək istədi. Və bir çox ölkələrin təcrübəsinə əsaslanaraq həm konstitutiyamıza, həm qanunlarımıza mütərəqqi müddəalar əlavə edildi”.
Millət vəkili sonda bir daha vurğuladı ki, amma sözügedən mütərəqqi müddəaların həyata keçirilməsi hələ də mümkün olmur. Suallar da buna görə yaranır.
Anar Rəhimov,
KONKRET.az