Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı var. Bəs niyə regionlarda yaşayan çox insan iş üçün Bakıya üz tutur?
KONKRET.az olaraq mövzu ilə bağlı keçmiş Baş naziri, eks deputat, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin eksklüziv açıqlamasını təqdim edirik:
“Bu yaxınlarda Statistika Komitəsi açıqladı ki, əhalinin 47 faizi kənddə yaşayır. Əhalinin bir hissəsi arasında daxili miqrasiya, yəni Bakıya və digər şəhərlərə işləməyə gələnlər var. Başqa ölkələrə də əmək miqrasiyası olur. Prinsip etibarı ilə bu, ümumdünya hadisəsidir. Bilirsiniz ki, keçən yüzillik və bu əsrdə baş verib. Konkret olaraq Azərbaycan kimi ölkələrdə bu vəziyyəti ağırlaşdıran iqtisadi inkişafdakı disbalansdır. Çünki normal əməkhaqqı verilən iş yerləri Bakıdan kənarda azdır. Əhali əsasən büdcə təşkilatları, təqaüd, pensiya hesabına qalırdı.
Bakıdan kənarda gözlənilən odur ki, Qarabağın bərpası ilə bağlı iş yerləri açılacaq və eyni zamanda Bakıdan, Abşerondan yüzminlərlə köçgün-qaçqın problemimiz var, onların qayıdışı baş verəcək. Hər halda hazırda prioritet bu sahədir, yəni Qarabağ istər əhalinin yaşaması üçün, istərsə işləməsi, istərsə də bu bərpa prosesinin özündə işlər doğru-düzgün aparılarsa və investisiyalar həqiqətən Qarabağ ərazisində tutularsa, bu məsələ üçün müəyyən imkanlar yarana bilər”.
Pənah Hüseynin fikrincə, sülh prosesi və bərpa işlərinə görə, insanların Qarabağa qayıdışı ləng aparılır. Amma məskunlaşma sürətli aparıla bilər. Ümumiyyətlə, Məskunlaşma konsepsiyası müəyyən suallar doğurur. AXP sədri məskunlaşma konsepsiyasının dəyişdirilməsindən yanadır. Yəni söhbət Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına insanların daha sürətli qayıtması, iş yerlərinin yaradılmasından gedir. İşğaldan azad olunan ərazilərdə yeni iş yerlərinin açılması isə əhalinin çörək pulu üçün Bakıya axışmasını problemini qismən aradan qaldırar. O ki qaldı regionların inkişaf proqramlarına:
“Konkret bu ad altında, yaxud başqa proqramlar da həyata keçirildi. Təəssüf ki, ölkədəki korrupsiya mühiti proqramların səmərəli olmasına şərait yaratmadı. Sənaye parklarının yaradılması, yeni müəssisələrin tikilməsi ilə bağlı məsələləri göstərmək olar. Sənaye parklarına onmilyonlarla, hətta bəzi rayonlarda yüz milyon civarında investisiyalar qoyulub. Amma partiya xətti ilə apardığımız araşdırmada aldığımız məlumatlar göstərir ki, bir sıra rayonlarda bunların yalnız adı var və faktiki olaraq iş yerləri açılmayıb. Məsələn bizim təşkilatın daha güclü olduğu Sabirabad rayon sənaye parkını göstərə bilərəm. Təəssüf ki, açılan bəzi müəssisələr kredit mənimsəmə, korrupsiya vasitəsilə olur. Çünki adıçəkilən bir çox, hətta iri müəssisələr ki var, məsələn Qaradağdakı şüşə zavodu. Məlum oldu ki, bunların çoxu işləmir. Əgər bu yeni yaradılan müəssisələr işləsəydi, ancaq kağızda mövcud olmasaydı, o problem (işlə təminat)
xeyli dərəcədə aradan qalxardı”.
Sözlərinə isbat kimi başqa müəssisələri də örnək gətirən Pənah Hüseyn onların fəaliyyətinin kağız üzərində qaldığını vurğulayıb.
Mövzu ilə bağlı Respublikaçı Alternativ (REAL) Partiyasının sədr müavini, iqtisadçı Natiq Cəfərli də münasibət bildirib:
“Regionların inkişaf proqramı Azərbaycanda effekt vermədi. Bunu, az qala rəsmi şəkildə etiraf da edirlər. Çünki regionların inkişaf proqramı daha çox iqtisadi fürsətlərin, iş yerlərinin yaranması ilə əlaqəli olmalı idi. Amma rəsmi rəqəmlərə baxanda görürük ki, Azərbaycanda büdcənin formalaşmasında, xarici ticarətdə regionların payı 6-7 faizdən yuxarı olmur. 10 il bundan qabaq da elə idi, 20 il bundan əvvəl də, indi də eyni rəqəmlərdir. Bu isə onu deməyə əsas verir ki, regionların iqtisadi inkişaf proqramı öz hədəflərinə çata bilmədi. Çünki əsas hədəf iqtisadi aktivliyin yaradılması idi”.
Natiq Cəfərlinin fikrincə, bu hədəflərə çatmaq mümkün olmadığı üçün regionlarda yaşayan əhali Bakıya üz tutmağa məcbur olur. Bu da Bakının infrastrukturunu həddən artıq şişmiş hala gətirir. İnfrastruktur əhali sayına dözmür:
“Regionların inkişaf proqramının bölgələrin iqtisadi fürsətlər yaratmasında bir rolu olmadığına görə, əhalinin Abşeron yarımadasına köç etməsini bu gün də müşahidə edirik”.
Düzü, Abşeron yarımadasına köçün özü də Xırdalan, Sumqayıt kimi şəhərlərdə çalışmaq anlamına gəlmir. Sadalanan şəhərlərin sakinləri arasında da iş üçün Bakıya üz tutanlar az olmur. Bunu səhər və axşam Bakı-Sumqayıt yolundakı gündəlik tıxaclardan da anlamaq olar. Tıxaclar səhər Bakı istiqamətində (işə gəlirlər), axşam isə əks tərəfdə (işdən qayıdırlar) müşahidə edilir.
Anar Rəhimov,
KONKRET.az