“Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən cinayət hadisəsi sıradan kriminal olay deyil. Bu cinayətin arxasında məhz Rusiyanın hüquq-mühafizə orqanlarının yerli strukturlarının dayandığına dair ciddi şübhələr var. Hadisə təkcə Azərbaycan əsilli vətəndaşlara qarşı deyil, bütövlükdə Azərbaycan dövlətinə qarşı yönəlmiş siyasi bir təzyiq aləti kimi qiymətləndirilməlidir”.
Bu fikirləri politoloq Taleh Əliyev KONKRET.az-a açıqlamasında səsləndirib.
“Sözügedən olay, əslində yalnız azərbaycanlı və qeyri-azərbaycanlı miqrantlara deyil, eyni zamanda Azərbaycan Respublikası və digər MDB ölkələrinə “göz dağı” mesajı vermək məqsədi daşıyır. Rusiya bu addımı ilə keçmiş Sovet imperiyasını bərpa etməyə çalışır. Lakin seçilən üsul özündə ciddi risklər daşıyır və nəticə etibarilə mərkəzdənqaçma meyillərini daha da gücləndirə bilər. Belə bir siyasət, Rusiyada yaşayan xalqlarla rus xalqı arasında gərginlik yarada bilər ki, bu vəziyyətin məsuliyyəti tam şəkildə rəsmi Kremlə aiddir.
Azərbaycan tərəfinin baş verənlərə reaksiyası kifayət qədər adekvat və prinsipial olub. Xarici İşlər Nazirliyinin Rusiyanın Bakıdakı səfirini və müvəqqəti işlər vəkilini nazirliyə çağıraraq etiraz notası təqdim etməsi, Mədəniyyət Nazirliyinin Rusiya dövlət və özəl müəssisələrinin Azərbaycandakı tədbirlərini ləğv etməsi, eləcə də Rusiya Baş nazirinin müavininin Azərbaycana səfərinin və Azərbaycan parlament nümayəndə heyətinin Moskvaya planlaşdırılan səfərinin təxirə salınması göstərir ki, rəsmi Bakı bu hadisəni sadəcə kriminal cinayət kimi deyil, siyasi xarakterli akt kimi dəyərləndirir”.
Politoloq qeyd edir ki, dövlətlərarası münasibətlərdə yaranan bu gərginlik, həm Rusiyada yaşayan azərbaycanlılar, həm də Azərbaycanda yaşayan ruslar üçün narahatedici sosial fon yarada bilər.
“Lakin qeyd etmək lazımdır ki, Rusiyadakı azərbaycanlıların təhlükəsizliyinə qarşı təhdidlər dövlət strukturlarından qaynaqlansa da, Azərbaycanda yaşayan rus icmasına qarşı belə ayrı-seçkilik hallarının dövlət səviyyəsində həyata keçirilməsi mümkünsüzdür. Azərbaycan dövləti bu günə qədər heç bir vətəndaşını etnik mənsubiyyətinə görə hədəf almayıb və gələcəkdə də bu prinsiplərə sadiq qalacağı gözləniləndir”.
Müşviq Tofiqoğlu
KONKRET.az