Rusiyadan sonra Gürcüstanın və ya Azərbaycanın bayrağının endirilməsi…backend

Rusiyadan sonra Gürcüstanın və ya Azərbaycanın bayrağının endirilməsi...

Şevardnadze Strasburqda ölkəsinin bayrağını qaldıranda nə demişdi? AŞ PA-da Cənubi Qafqazdan səsvermə hüququ olan Ermənistan qalıb, halbuki vaxtilə bu quruma üzv belə qəbul edilməməli idi

KONKRET.az Musavat.com-a istinadən bildirir ki, Avropa Şurası Gürcüstanı Cənubi Qafqazda üzvlüyə Azərbaycan və Ermənistandan təxminən ilyarım əvvəl qəbul edib. 1999-cu ilin 27 aprelində Strasburqdakı AŞ PA sarayında Gürcüstanın dövlət bayrağının bayraq dirəyində ucaldılması mərasimində o vaxtkı prezident Eduard Şevardnadze maraqlı fikirlər söyləmişdi.

Təcrübəli diplomat demişdi ki, onun ölkəsi “əsrlər boyu Avropa sivilizasiyasının son qalası olub və 500 ildir ki, Avropaya can atır”. SSRİ-nin xarici işlər naziri kimi mühüm post tutmuş Şevardnadzenin yenicə müstəqilliyə qovuşmuş Gürcüstan haqda dediklərini həmin tarixi anların duyğusal epizodu kimi izah etmək olardı. Çünki daha sonra Gürcüstan parlamentinin o vaxtkı spikeri Zurab Jvaniya (faciəli şəkildə, bir az da müəmmalı öldü) öz ölkəsinin deputatlarını AŞ PA-da təqdim edərək ingilis dilində belə demişdi: “I am Georgian, therefore I am European” (Mən gürcüyəm, ona görə də avropalıyam).

Eduard_shevardnadze.jpg (2.16 MB)

2001-ci ilin 25 yanvarında (eyni gündə həm də Ermənistan) Prezident Heydər Əliyevin iştirakı ilə Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirildi və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldıldı. Qonşu ölkənin 20 faiz ərazisini işğal edən Ermənistanın bu quruma üzv qəbul edilməsi əlbəttə ki, Avropa dəyərlərinə, konvensiyalara, eləcə də insan hüquqlarına zidd addım idi. Hələ bir müddət keçəcək, Ermənistan prezidenti kimi AŞ PA-da çıxış edən Serjik Sərkisyan Qarabağda azərbaycanlılara qarşı hərbi əməliyyatlarda iştirakından ağızdolusu danışacaqdı. Elə həmin Sərkisyan 2008-ci ilin fevralında saxta prezident seçkilərinə etiraz edən nümayişçiləri güllələyəndə də Avropa Şurası İrəvana sərt üzünü göstərmədi.

İllər sonra bunu xatırladıb, müzakirə mövzusu etməyin mənası yoxdur, amma o da həqiqətdir ki, indi AŞ PA-da Cənubi Qafqazda səsvermə hüququ qalan… Ermənistandır. 

view_1732182902-1732182322-Capture-1024x739-1.jpg (38 KB)

Azərbaycan ötən ilin yanvarından, Gürcüstan isə bu ilin yanvarından AŞ PA-dakı fəaliyyətini dayandırıb. Hər iki ölkəyə qarşı irəli sürülmüş ittihamların motivi aşağı-yuxarı eynidir. Azərbaycanda insan haqlarının pozulması mövzusunda şərtlər irəli sürülüb. Avropa Şurası Gürcüstandan isə ötən ilin oktyabrında bu ölkədə keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvini, qanunsuz aksiyalarda tutulanların azadlığa buraxılmasını, yeni parlament seçkilərinin keçirilməsini tələb etdiyi üçün Gürcüstan nümayəndə heyəti də fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.

Azərbaycanla danışıqlarda heç bir irəliləyiş yoxdur, rəsmi Bakı quruma bağlı İnsan Haqları Məhkəməsinin qərarlarının icrası öhdəliyindən imtina edib, AŞ üzvlüyündən çıxmaq barədə qərarı da istisna etməyib. Gürcüstanla bağlı son gəlişmə isə budur ki, Strasburq ölkəni AŞ-dən çıxarmaqla hədələyir. İlyarım əvvələdək Avropa Birliyinə üzvlük prosedurlarından keçən Tiflis təkcə Brüsselin nəzərindən düşməyib, Strasburq da Gürcüstan hakimiyyətini qurumdan çıxarmaqla hədələyir. Motiv dəyişməyib. Gürcüstan hakimiyyəti son parlament seçkiləri ərəfəsi Qərbpərəst QHT-lərin “əl-ayağını” qanunlarla yığışdırıb ki, bu da “Gürcü Arzusu”nu “Rusiya ilə işbirliyində” ittiham etmək üçün bəhanə verib.

AŞPA-dakı_Azərbaycan_nümayəndə_heyəti.jpg (215 KB)

Gürcüstanın Avropa Birliyinə üzvlüklə bağlı bütün prosedurlar dondurulub, yardımlar kəsilib, amma Tiflis də Avropaya inteqrasiya prosesindən çəkilmədiyini bəyan edir. Vəziyyətin paradoksal mahiyyəti həm də ondan ibarətdir ki, Gürcüstan hakimiyyəti Qərbdən uzaqlaşsa da, Rusiya ilə yaxınlaşmaq, 2008-ci ildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini tanımasından” sonra Moskva ilə kəsilən diplomatik münasibətləri bərpa etmək niyyətində deyil.

Avropa hakimiyyəti işğalçı Rusiyaya təsir imkanlarını itirib. Bəllidir ki, Rusiyanı 2022-ci ilin martında Ukrayna torpaqlarına hücum etdiyinə görə AŞ PA-dan qovublar. Zatən, bu işğala qədər də Rusiya ilə qurum arasında gərginliklər davam edirdi, Moskvadan gələn nümayəndə heyətinin gah səsvermə səlahiyyətləri alıb, gah da bərpa edirdilər. 2022-ci ilin fevralında Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın təşkilatın üzvü qala bilməyəcəyinə dair yekdil qərar çıxardı. Rusiya bayrağının AŞ PA binasının qarşısında sökülməsini Avropa az qala Moskvanın dünyada izolyasiyası kimi təqdim edirdi. Yaxşı səhnələr idi, Rusiya belə cəzanı haqq edirdi. Amma Lavrovun rəhbərlik etdiyi XİN bəyanat verdi ki, sən demə, Rusiya özü “köhnə tarixlə”, yəni məlum mart qərarından əvvəl Avropa Şurasından çıxıb.

maxresdefault (4).jpg (108 KB)

Rusiyaya təsir və ya təzyiq mexanizmləri qalmayıb, Gürcüstanı və Azərbaycanı anti-Rusiya sanksiyalarına qoşa bilməyən Avropa institutları həm də bu “sözəbaxmazlığa” görə hər iki Qafqaz ölkəsini cəzalandırır, halbuki Rusiyanın bu sanksiyalardan yayınmasını kömək edən Ermənistan milyonlar qazandı, qazanmaqda da davam edir. Demək, Fransada yerləşən AŞ PA-da erməni lobbisinin güclü mövqeləri qalmaqdadır.

Avropa Şurasının 46 üzvündən biri qovulub, iki ölkə də fəaliyyətlərini dayandırıblar, deputatlarını AŞ PA-nın işindən geri çəkiblər. Belə görünür ki, rəhmətlik Şevardnadzenin dediyi kimi, Gürcüstanın Avropaya can atması daha 50 il ertələnə bilər. İstisna etmək olmaz ki, məhz oktyabrın 4-də keçiriləcək mer və bələdiyyə məclislərinə seçkilər ərəfəsi (və ya daha sonra) Gürcüstanı Avropa Şurasından qova bilərlər.

…Rusiyadan sonra Gürcüstanın və ya Azərbaycanın bayrağının AŞ PA-nın qarşısından endirilməsi isə ağrılı mənzərə ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*