Yüz illərdir özlərinin milli ideologiyasını qonşu xalqlara nifrət üzərində quran ermənilər türklərə və azərbaycanlılara qarşı daim düşmən mövqe tutublar. Hətta 35 il əvvəl Spitak zəlzələsindən sonra ermənilərin köməyinə gedən Azərbaycan xilasedicilərini aparan təyyarənin müəmmalı şəkildə “qəzaya uğraması” da bu nifrətin nəticəsi idi. Həmin hadisələrin canlı şahidi, rusiyalı hərbi ekspert və publisist Vladislav Şurıqin hələ 35 il əvvəl ermənilərin azərbaycanlılara xüsusi nifrətini öz gözlərilə görüb.
KONKRET.az onun müsahibəsini təqdim edir.
– 35 il əvvəl Ermənistanda dağıdıcı zəlzələ zamanı hadisə yerində siz də olmusunuz. Daha sonra bu faciə ilə bağlı xatirələr yazdınız. Onları bizimlə bölüşə bilərsinizmi?
– Bəli, həqiqətən də hərbi jurnalist kimi Ermənistanda fəlakət zonasında olmuşam. Və mən Leninakan xəstəxanasında işləyən bir azərbaycanlı hərbi cərrahın yaralanan ermənilərə necə kömək etdiyinin şahidi oldum. O zaman ermənilərlə azərbaycanlılar arasında ciddi gərginlik yaranmışdı və yeri gəlmişkən, həmin azərbaycanlı cərrah mənə maraqlı bir hadisə danışmışdı. Onun sözlərinə görə, ayaqları sınmış yaşlı erməni onu əməliyyat edənin erməni deyil, azərbaycanlı olduğunu biləndən sonra birbaşa əməliyyat masasından tullanmaq istəyib.
– Yəni 1988-ci ilin dekabrında Ermənistanda anti-Azərbaycan isteriyası artıq tüğyan edirdi?
– Mən bunun şahidi olmuşam…
– Erməni təbliğatı azərbaycanlıların Ermənistandakı zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirakı faktını təkzib etməyə çalışır. Siz xilasedicilər arasında azərbaycanlıları görmüsünüzmü?
– Ermənistanda azərbaycanlı xilasedicilərin olduğu təyyarənin qəzaya uğramasından sonra Spitakda azərbaycanlı xilasedici yox idi. Amma keçmiş İttifaqın başqa yerlərindən gələn xilasedicilər arasında azərbaycanlılara rast gəlmişdim.
– Bəlkə Ermənistana gedən azərbaycanlı xilasedicilərin təyyarəsinin pis hava şəraiti səbəbindən qəzaya uğramamasını etiraf edəsiniz?
– Yox, bunu edə bilmərəm. Sadəcə həmin ərazidə təyyarəni vurmaq mümkün deyildi. Pis hava şəraiti pilotlara mane olmuşdu.
– Hər halda, Azərbaycanın xoşməramlı jesti Ermənistanda müsbət qarşılanmadı. Üstəlik, ermənilər Rusiyaya qarşı nankorluqlarını nümayiş etdirməkdə davam edirlər. Sizcə, Ermənistanın Qərbə meyllənməsi nə ilə başa çatacaq?
– Bilirsiniz, mən Ermənistanın bütün hərəkətlərinə kifayət qədər laqeyd yanaşıram. Qərbə meyllənmək onun hüququdur, lakin Ermənistanın sonrakı liderlərinin bu işi davam etdirəcəyinə əmin deyiləm. Ermənilər özlərini böyük Avropa ailəsinin bir hissəsi kimi hiss etmək istəyirlər və daim vurğulayırlar ki, onların Fransa və ABŞ-da nəhəng icmaları var. Lakin iqtisadiyyatı olmayan bir ölkə üçün büllur körpülər tikmək mənasızdır. Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri yaxşılaşdırmaq və Avropaya gedən transsərhəd nəqliyyat dəhlizlərinə inteqrasiya etməkdir.
– Aİ-nin Ermənistandakı missiyası genişlənir. Bu, İrəvana nə verir?
– Nikol Paşinyan Aİ-dən müəyyən qədər pul alacağına ümid edir. Buna görə də Rusiyaya meydan oxuyur. Ona elə gəlir ki, “Qərblə birgə rəqs” onun ölkəsinə qızıl yağışlar yağdıracaq. Ermənistanın Qərbə üz tutması bizim üçün böyük itki olmayacaq, Türkiyə və Azərbaycanla əlaqələri saxlamaq daha vacibdir.
– Afrikadakı ciddi uğursuzluqlardan sonra Fransa gözünü Qafqaza dikib. Bu bölgədə onu nə gözləyir?
– Paris bir neçə əsrdir ciddi mövqe tutduğu Afrikadan qovulur və əslində heç kim onu Qafqaza buraxmayacaq. Ermənistanın mikroskopik mövcudluğu Fransa üçün ən yaxşı halda öz qürurunu təmin edəcək və burada real təsir göstərə bilməyəcək. Cənubi Qafqazın gələcəyini təyin edəcək üç əsas oyunçu Türkiyə, Rusiya və Çindir. Azərbaycan isə tamamilə müstəqil siyasət yürüdən regional güc kimi öz maraqları çərçivəsində bu üç oyunçu arasında balansı qoruyacaq.
– Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanması ehtimalını necə qiymətləndirirsiniz?
– Hesab edirəm ki, bazarlıq predmeti olmadığı üçün bu ehtimal kifayət qədər yüksəkdir. Azərbaycan bütün ərazilərini geri qaytarıb. Qarabağda hərbi xunta məğlub olub. Belə bir deyim var, sülhə həmişə uduzan tərəf can atar və bu da Ermənistandır.
Vəli Həsənov,
KONKRET.az