Rusiyanın Azərbaycandakı agentura şəbəkəsi haqda yeni detallar – Bu iki şəxs…backend

Rusiyanın Azərbaycandakı agentura şəbəkəsi haqda yeni detallar – Bu iki şəxs…

Rusiya ilə gərginləşən münasibətlər fonunda Moskvanın ölkəmizdəki dayaqları laxlayıb, mövqeyi daha da zəiflədib. Artıq 8 aya yaxındır ki, şimal qonşumuzla əlaqələrdə ciddi çatlar yaranıb. Bunun səbəbkarı Kremlin yanlış, qərəzli siyasətidir. 2024-cü ilin dekabr ayının 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya hərbçiləri tərəfindən vurulması Bakının haqlı etirazına səbəb oldu.

Bundan sonra Prezident İlham Əliyev Rusiyadan üzrxahlıq, kompensasiya və günahkarların cəzalandırılmasını tələb etdi. Hələ də bu tələblər yerinə yetirilməyib.

Yekaterinburqda azərbaycanlılara qarşı baş verənlərdən sonra isə münasibətlər daha da kəskinləşib. Yenə də Moskva üzrxahlıq etmək, vəziyyəti yumşaltmaq, günahkarları məsuliyyətə cəlb etmək əvəzinə Azərbaycanı suçlayır. Rus mediası hər gün ölkəmiz haqda təhqiramiz verilişlər, yazılar hazırlayıb yayır.

Rəsmi Bakı Rusiyaya məxsus bir neçə təsisatı qapadıb. “Rus evi” və “Sputnik” kimi strukturların fəaliyyəti də ölkədə məhdudlaşdırılıb. Hansı ki, o təsisatların ölkədə ciddi provokasiyalarla, hətta kəşfiyyat xidməti ilə məşğul olduğuna dair iddialar var. Bu proses Rusiyaya bağlılığı və simpatiyası ilə tanınan şəxslərlə bağlı da yeni vəziyyətin yaranmasına səbəb olub.

Təxminən 10 gün öncə “Day.az” informasiya portalında Rusiya agentura şəbəkəsinə bağlı olduğu deyilən xeyli şəxsin ad-soyadı yayımlandı. Siyahıda yeni adlar vardı. Azər Qasımovun, keçmiş deputat Elşad Birbəşirin isimlərinin də yer aldığı siyahı xeyli maraq doğurdu. Xatırladaq ki, bundan əvvəl yayılan siyahıda sabiq nazirlər Əbülfəs Qarayevin, Elmar Məmmədyarovun, Azad Rəhimovun, administrasiyanın keçmiş rəhbəri Ramiz Mehdiyevin və Nəcməddin Sadıqovun adları çəkilirdi. E.Məmmədyarov, Ə.Qarayev, E.Mirbəşir bu ittihamlara cavab veriblər. Barələrində səsləndirilən fikirləri təkzib ediblər.

İctimaiyyət əsasən iki nəfərin – Ramiz Mehdiyevin və Nəcməddin Sadıqovun personasına daha həssas yanaşır. Onların hələ də Moskvaya bağlı olduğuna dair xalqda şübhələr qalır.

Rusiyaya bağlılığına dair şübhələr olan fiqurlarla bağlı hansı addımlar atıla bilər? Dövlət “daxili təmizləmə” prosesini tam başa çatdırıbmı? Yoxsa hələ də bəzi şəxslər “yarpaq” altında gizlənə bilib?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Rusiya böyük imperiyadır və onun imperialist maraqları mövcuddur:

“Hələ də Rusiyadakı bəzi siyasi və hərbi elita nümayəndələri Azərbaycana müstəqil dövlət və xeyirxah qonşu kimi baxa bilmirlər. Son dövrdə baş verən hadisələr də bununla bağlıdır. Azərbaycanlılara qarşı törədilən cinayətlər, hərbi hədəf kimi seçilmək göstərir ki, biz buna qarşı qətiyyətli mövqe sərgiləməliyik. Azərbaycanın gücü, Prezidentimizin iradəsi və qətiyyəti Rusiyanın ölkəmizə qarşı daha aqressiv addımlarının qarşısında möhkəm sipərdir.

İmperiya maraqlarına daxil olan ölkələrdə adətən “Troya atı” mövcud olur. Biz bunu hər zaman görmüş və hiss etmişik. 44 günlük müharibədə mühüm addımlar atılmasaydı, “Troya atı”nın içində gizlənmiş qüvvələr ölkəmizə arxadan zərbə endirə bilərdilər. Belə şəxslər bu gün də mövcuddur. “Rus evi” “Sputnik” və digər media qurumlarına yerləşdirilmiş elementlərin timsalında bunu aydın görürük.

Sözügedən məsələ Azərbaycan xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir və onlar vaxtaşırı mühüm tədbirlər həyata keçirirlər. Lakin bu qüvvələri tamamilə təmizləmək mümkün deyil. Zəif və ya güclü olmasından asılı olmayaraq bütün ölkələrin daxilində belə qruplar hər zaman olub. Hazırda onların güclənməsi, təşkilatlanması və ölkəmizə qarşı təxribat törətmək imkanları kimi ciddi təhlükə mövcud deyil. Əgər belə bir hal baş verərsə, onun qarşısını alacaq əsas sədd Azərbaycan xalqının iradəsi, həmrəyliyi və birliyidir. Bu amil daxildə hər hansı ixtişaşın yaranmasına mane olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*