“Rusiyanın uğursuzluğuna görə Türkiyə ordusu İrəvana daxil olacaq” – Şarmazanov XƏBƏRDARLIQ ETDİbackend

“Rusiyanın uğursuzluğuna görə Türkiyə ordusu İrəvana daxil olacaq” – Şarmazanov XƏBƏRDARLIQ ETDİ

“Rusiyanın Qərblə qarşıdurmada uduzması Ermənistan üçün fəlakət olacaq”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Respublikaçı”lar partiyasının nümayəndəsi Eduard Şarmazanov fikir səsləndirib. O, Ermənistan rəhbərliyinin dağıdıcı siyasətindən və anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmasından danışıb:

“Ermənistan hakimiyyətinin Laçın dəhlizi ilə bağlı situasiyadakı ritorikası ölkənin real maraqlarına ziddir. Hakimiyyət nümayəndələri Ermənistanı Qarabağla birləşdirən yeganə yolun bağlanmasını Rusiya sülhməramlılarının müstəsna səlahiyyəti kimi qiymətləndirirlər. Həmçinin, Rusiyanın Azərbaycan vasitəsilə Ermənistanı İttifaq dövlətinə qoşulmağa məcbur etdiyini deyirlər. Bütün bunlar əsasız iddialardır. Biz elə bir vəziyyətdəyik ki,  Ermənistan rəhbərliyi Qarabağda öz sakinlərinin təhlükəsizlik probleminə göz yumur. Həm də birbaşa Rusiya sülhməramlılarını günahlandırır. Amma unutmayaq ki, bu gün Qarabağda sırf sülhməramlıların hesabına 120 min erməni yaşayır” – Şarmazanov vurğulayıb.

Erməni siyasətçi hökumətin məqsəd və taktikası haqda da danışıb: “Düşünürəm ki, burada iki vəzifə var. Birincisi, hakimiyyət Rusiya tərəfini hərbi münaqişəyə təhrik etmək, ikincisi isə Ermənistan cəmiyyətinin gözündə rus sülhməramlılarını nüfuzdan salmaq istəyir. Təəssüf ki, hakimiyyət ikinci vəzifəni müəyyən qədər həll edə bilib. NATO isə Rusiyanın regionda mövcudluğuna fəal şəkildə qarşı çıxır və bu istiqamətdə kifayət qədər aqressiv addımlar atır. Lakin Rusiya bu qarşıdurmada güzəştə getsə, Türkiyə ordusunun İrəvana yolu açılacaq” – Şarmazanov bildirib.

“Hakimiyyətin cinayətkar siyasəti ucbatından Rusiya Ermənistanın və Qarabağın təhlükəsizliyinin yeganə təminatçısı olaraq qalır. Eyni zamanda, hakimiyyətin razılığı və hətta birbaşa dəstəyi ilə Rusiyanın mövcudluğuna, Ermənistanın KTMT-də iştirakına qarşı aksiyalar keçirilir. Bu aksiyaların təşkilatçıları Qərblə müttəfiqliyə ümid bəsləyirlər. Lakin onlardan Qərbin bu müddət ərzində Ermənistan üçün nə etdiyini soruşmaq lazımdır. Bir həftədən çoxdur ki, Laçın dəhlizi bağlıdır, Qərb liderləri və strukturları dəhlizin açılması üçün barmaqlarını belə tərpətmirlər. Amma Azərbaycanla enerji tədarükü üçün çoxmilyardlı yeni müqavilələr imzalayırlar. Əliyev Qərb rəsmiləri üçün mühüm iqtisadi tərəfdaşdır. Bütün bunlardan sonra Ermənistanda hələ də Qərbə və NATO-ya müəyyən ümidlər bağlayanlar var”, – deyə Şarmazanov fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*