“Saxlanıldığı zaman etiraz edən narkotacirlər yerindəcə məhv edilməlidir” – SƏRT MÖVQEbackend

"Saxlanıldığı zaman etiraz edən narkotacirlər yerindəcə məhv edilməlidir" - SƏRT MÖVQE

Son günlər Azərbaycanda zorakılıq, ölüm və qətl hadisələrinin sayı xeyli artıb. Şəxslərarası münasibətlərdə aqressiv davranışların sərgilənməsi acı nəticələrə gətirib çıxarır. Artıq elə gün olmur ki, mediada cinayət hadisələri ilə bağlı xəbərlər verilməsin.

Bəs görəsən, cinayət hallarının artmasına hansı amillər təsir göstərir? Qarşısını almaq üçün nə kimi tədbirlər görülməlidir?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran Aydınxan Əbilov bildirib ki, cinayət hallarının artmasının əsas səbəbi son zamanlar baş verən hadisələrin insanların psixologiyasına mənfi təsir etməsidir:

“Pandemiya və ondan sonrakı qadağalar, iqtisadi eniş və dünya iqtisadiyyatının böhranla üzləşməsi, İran, Suriya və ərəb ölkələrində baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi, Avropa-Rusiya qarşıdurması və Türkiyədə baş verən böyük zəlzələ fəlakəti insanların psixologiyasına mənfi təsir göstərib. Eyni zamanda, belə neqativ hadisələrin internetdə öz əksini tapması insanların psixologiyasına və mənəviyyatına sağalmaz yara vurur. Bu baxımdan cinayət hadisələrinin durmadan artması, hər yerdə olduğu kimi, Azərbaycanda da çoxalır.

Qəribəsi budur ki, KİV-in bununla əlaqədar materiallara geniş yer verməsi bu hadisələrin ictimaiyyət arasında daha da yayılmasına səbəb olur. Baxmayaraq ki, bununla əlaqədar dünyanın bir çox ölkələrində statistikadan çox araşdırma və təhlil materialları işıqlandırılır. Çünki araşdırma olmadan verilən məlumatlar xüsusilə yeniyetmə və gənclərin şüuraltına, mənəviyyatına sarsıdıcı təsirlər göstərir.

Azərbaycanda da xüsusilə qadınlara qarşı olan məişət və sosial səviyyədə şiddət, təhdid, zorakılıq, ölüm və şantajların sayı durmadan artır. Son bir neçə gündə artıq 10-dan çox belə hadisənin şahidi olan Azərbaycan cəmiyyəti sanki şokdadır. Amma hələ də bu hadisələrin törədilmə səbəbini və səbəbkarlarını müəyyən edən araşdırma edilmir”.

A.Əbilov qeyd edib ki, cinayət hadisələrinin artmasına digər səbəb kimi nikahların pozulması təsir edir:

“Qadın və kişi arasında soyuq münasibət, ailədaxili şiddət, kişilərin və ya qadınların aldadılaraq psixotrop və ya arıqlamaq adı altında sintetik- uyuşdurucu maddələrə aludə edilməsi və narkotik maddələrin yayılması ilə əlaqədar yeni qurbanların tora salınması ailədə problemlər yaradır.

Eyni zamanda, nikahların pozulması və uşaqların alət edilərək, bir-birinə qarşı silah kimi istifadə olunması, aliment problemləri və ev bölgüsü zamanı ailə üzvləri arasında baş verən münaqişələr də cinayət hadisələrinin artmasına səbəb olur. Keçmiş həyat yoldaşının yeni sevgili tapması və bunu təmtəraqlı surətdə əks tərəfə göstərməsi də kriminal hadisələrə gətirib çıxarır”.

Ekspertin sözlərinə görə, müvafiq ciddi cəza tədbirləri görülmədiyi təqdirdə də qətl hadisələrinin sayı artır:

“Dünyanın hər yerində bu hallar yaşanır. Zaman getdikcə çoxalacaq və adiləşəcək. Çünki ölüm hökmü ləğv olunub. Cinayətkarın cəzalandırılmasındakı sərtləşmə azaldılıb. Bu gün cinayət törədən bir neçə ildən sonra əfv olunur. Bu, Azərbaycanda da belədir. Faktlar onu göstərir ki, artıq bir neçə dəfə cinayət törədən şəxslər ilk dəfə yüngül cəza alıb, yaxud da cəzasını tam çəkməyibdir. Məncə, xüsusilə də qadınlara qarşı olan şiddəti aradan qaldırmaq və qadın qətlinin sayını azaltmaq üçün onlara qarşı olan qətl niyyətlərini sərt cəzalandırmalıyıq. Əgər bir kişini öldürən şəxs 15 il azadlıqdan məhrum olunursa, qadına qarşı olan cinayət hadisələri üçün ömürlük həbs cəzası təyin edilməlidir. Eyni zamanda, onların əfv olunması qəti qadağan olunmalıdır.

Nikahlar və konfliktlər zamanı mədəni sülh bağlanması və boşanma mədəniyyətinin təbliği aparılmalıdır. İnsanlar anlamalıdırlar ki, boşanmaq heç də dünyanın axırı deyil. Onların dostluq münasibətlərinin, övladlarının taleyində iz buraxacaq hadisələrin sonu deyil. Ona görə də xarici ölkələrdə olduğu kimi, mədəni surətdə ayrılmalı və bir-birinə kömək etməklə uşaqlarını böyütməlidirlər. Məhkəmənin verdiyi qərarlara əsasən, sivil addımlar atmalıdırlar ki, konfliktlər daha da çoxalmasın”.

A.Əbilov onu da vurğulayıb ki, cinayətə qarşı təbliğatda KİV, sosial şəbəkələr və müvafiq qurumlar əsas vasitə olmalıdırlar:

“KİV, sosial şəbəkələr, bloqqerlər, televiziyalar, internet saytları və qəzetlər mütləq bu təbliğatı gücləndirməlidirlər. Bu barədə sosial çarxlar hazırlanmalı, eyni zamanda, Azərbaycanda Uşaq Müvəkkili İnstitutu təsisatı formalaşdırılmalıdır. Ölkədə insan hüquqları üzrə müvəkkilimiz var, niyə də uşaq hüquqları üçün olmasın? Uşaqlara qarşı həyata keçirilən zorakılıq hallarının qarşısını almaq üçün müvəkkilin də bu təbliğatda rolu var. Azərbaycanda hələ də uşaq prokuroru, uşaq hüquqşünası və uşaq məhkəmələri yoxdur. Fikirləşirəm ki, ixtisaslaşmış, xüsusi hüquq-mühafizə orqanlarında və məhkəmə sistemində ayrıca təsisatlar olmalıdır. Polis bölmələrinin uşaq psixoloqları ilə bağlı ayrıca ştatı və onların ayrıca uşaqlarla, qadınlarla və ailələrlə işləyən məsul vəzifəli şəxsi olmalıdır.

Biz uşaqlarla bağlı bu təklifləri televiziyada çox səsləndirmişik. Amma hələ ki, heç bir nəticə yoxdur. Maraqlı və ağrılı bir məsələ də var. Ola bilər ki, bu, Azərbaycan cəmiyyəti üçün bir az qəribə səslənsin. Konfliktli hallarda uşaqlar dövlətin ixtisaslaşmış uşaq evlərinə, yaxud internata verilməlidir. Bununla yanaşı, azyaşlı cinayətkarlarla bağlı Cinayət Məcəlləsinə kəskin bəndlər əlavə edilməlidir. Onlar məsuliyyətə cəlb edilib, ayrıca təcridxanalarda uzun müddət həbs edilməlidir. Əks halda, Azərbaycanda cinayətkarlıq gəncləşir, hətta uşaqlaşır. Həm cəmiyyət, həm məktəb, həm hüquq-mühafizə orqanları, həm də KİV-lər mütləq narkotik maddələrə qarşı mübarizədə təbliğat vasitəsinə çevrilməlidir. Hüquq-mühafizə orqanları tərəfindən narkotik maddələrin istifadəsini və yayılmasını təbliğ edən, saxlanıldığı zaman etiraz edən şəxslərə qarşı atəş açılmasına icazə verilməli və yerindəcə məhv edilməlidir”.

Fidan Ali,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*