Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldıbackend

Şəhid Əlövsət Vəliyevin xatirəsi anıldı

Qubadlının Həmzəli kəndində dünyaya göz açan, Vətən uğrunda müharibədə qəhrəmancasına həlak olan Əlövsət Vəliyevin xatirəsi məzunu olduğu Qubadlı rayon Çaytumas kənd məktəb-liseyində   yad edilib.

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən anım tədbirində rayon rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, şəhidin döyüş yoldaşları və müəllimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

KONKRET.AZ AzərTac-a istinadən xəbər verir ki, mərasim Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Əlövsət Vəliyevin həyat yolundan bəhs edən film nümayiş etdirilib.

Çıxışında ulu öndər Heydər Əliyevin müharibə əlillərinə və şəhid ailələrinə böyük qayğı ilə yanaşdığını xatırladan Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirildiyini, onların mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını vurğulayıb.

“Qubadlı rayonu Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə 238 şəhid verib”, – deyən Allahverdi Haqverdiyev, Prezidentin Fərmanı ilə onlardan 11 nəfərinə Azərbaycanın Milli Qəhrəmanı adı verildiyini diqqətə çatdırıb. O, şəhidlərin xatirəsinin anılması, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi kimi məsələlərin rayon rəhbərliyinin daim gündəmində olduğunu bildirib.

Bildirilib ki, Əlövsət Vəliyev 1968-ci il dekabrın 15-də Qubadlı rayonunun Həmzəli kəndində dünyaya göz açıb. 1985-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub. 1987-ci ildə hərbi xidmətə yola düşən Əlövsət Vətənə dönəndə ermənilər artıq torpaq iddiaları ilə çıxış edirdilər. 1992-ci ilin mayında Milli Ordu sıralarına daxil olan Əlövsət ilk gündən özünü təcrübəli tankçı kimi göstərir.

“1993-cü ilin avqustunda Qubadlı rayonu ağır günlərini yaşayırdı. Əlövsət Vəliyevin tankçıları gecə-gündüz ara vermədən döyüşlər aparır, düşmən hücumlarının qarşısını almağa çalışırdılar. Bu döyüşlər zamanı cəsur tankçı Əlövsət Vəliyev misilsiz qəhrəmanlıqlar göstərir. Düşmənin bir neçə texnikasını məhv edən bu qəhrəman mərmi bitdikdən sonra öz tankını tərk etmir. Tankı erməni quldurlarının üzərinə yönəldir, son məqamda o, öz tankını düşmən tankına çırparaq hər iki texnikanı hərəkətsiz hala salaraq qəhrəmanlıqla həlak olur. Suraxanı rayon 70 saylı uşaq bağçası şəhidin adını daşıyır. Onun xatirəsi “Əfsanəvi Tankçı” adlı kitabda əbədiləşib”, – deyə A.Haqverdiyev qeyd edib.

Natiq bildirib ki, yaxın gələcəkdə Prezidentimizin uğurlu siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız işğal olunmuş torpağımızda dalğalanacaq, şəhidlərin ruhu şad olacaq.

Əlövsət Vəliyevin döyüş yoldaşları şəhidin 25 il ərzində keçdiyi şərəfli həyat yolundan danışaraq, xatirələrini bölüşüblər.

Anım tədbirinin sonunda məktəb şagirdlərinin ifasında qəhrəmanlıq və vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*