Sərdar Cəlaloğludan BƏZİ deputatlara: “Bir xalqın artımına qarşı mövqe genosiddir”backend

Sərdar Cəlaloğludan BƏZİ deputatlara: "Bir xalqın artımına qarşı mövqe genosiddir"

Azərbaycanda uşaqpulu məsələsini 5-6 ildən bir qabardıb gündəm edirlər, lakin nəticədə ortaya bir şey çıxmır.

KONKRET.az olaraq mövzu ilə bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikirlərini öyrəndik. Cavabının əvvəlində siyasətçi qeyd edib ki, söhbət uşaqpulundan getmir:

“Söhbət Azərbaycanın da qoşulduğu beynəlxalq uşaq hüquqlarının icrasında yol verilən nöqsanlardan gedir. Beynəlxalq uşaq hüquqlarına görə dövlətlər uşaqlara qarşı xüsusi sosial siyasət həyata keçirməlidir. Uşaqpulu bu siyasətin bir hissəsidir. Orada uşaqların pulsuz yemək, məktəb ləvazimatları ilə təminat, müəyyən problemli ailələrdəki uşağı dövlətin himayəyə götürüb tərbiyə etməsi, uşaqların sağlamlığının qorunması punktları var.

Rəsmi məlumata görə bu il 2 mindən artıq tələbə pullu bölməyə qəbul olub, həmin məbləği ödəyə bilməyəcəyinə görə təhsildən imtina edib. Halbuki uşaq hüquqları ilə bağlı sosial siyasət kasıb ailələrin uşaqlarının təhsilə cəlb edilməsində dövlətin üzərinə xüsusi öhdəliklər qoyur”.

Məsələnin ikinci tərəfindən bəhs edən ADP sədri uşaqlara qarşı sosial siyasətin aparılmasındakı məqsədlərdən bəhs edib:

“1. Hər bir xalq özü-özünü yenidən bərpa eləməlidir. Yəni yeni nəsillər yaradılmalıdır ki, xalq məhv olmasın. Yeni nəsillərin formalaşdırılmasına qarşı çıxmaq isə beynəlxalq hüquqda genosid adlanır.

2. Uşaqlara sosial siyasətin tətbiqi uşaqların azadlığı üçün önəmli şərtlərdən biridir. Çünki uşaqlar erkən yaşlarından valideynlərin iqtisadi asılılığına düşürlər, böyüyəndə də bu asılılıq davam edir. Eləcə də bəzi ailələrdə uşaqlar, məhz dövlət tərəfindən himayə olunmalıdır ki, valideyn övladını erkən yaşdan işə cəlb etməsin. Hətta bəzi ailələrdə seksual cinayətlərdə uşaqlardan istifadə olunur. Orqan köçürmələri də daxil. Uşaqları tamamilə valideynlərin ixtiyarına buraxmaq ilk növbədə onların azad böyüməsinin qarşısını alır, həm də onların istismarına gətirib çıxarır.

3. Vətəndaş tərbiyə institutu möhkəmləndirilməlidir. Bunun üçün də sabah dövlətin qarşısında müəyyən öhdəlikləri yerinə yetirən insanlara dövlətin də indidən onların qarşısında müəyyən öhdəlikləri yerinə yetirməsi vacibdir”.

Sərdar Cəlaloğlu bütün bunların Azərbaycanda kəskin problem kimi dayandığını vurğulayıb. Bu problem isə mütləq həll olunmalıdır:

“Azərbaycanda bəzi adamlar, millət vəkilləri açıq şəkildə deyirlər ki, biz uşaqpulu verə bilmərik, bəs Azərbaycanda uşaqların sayı artır. Yəni bir xalqın sayının artmasına qarşı mövqenin özü genosid (soyqırım) deməkdir. Qonşu dövlətlərin təcrübəsinə baxsaq, Rusiyada həddən artıq uşağın dünyaya gətirilməsilə bağlı dövlətin yüksək səviyyəli sosial siyasəti var. İlk uşağa 7 min manata yaxın pul, aylıq müavinətlər, ikinci övlada da həmçinin, üçüncü körpə doğulduqda isə həmin ailə mənzillə təmin olunur. Türkiyə Prezidenti hər bir ailədən 4 uşaq tələb edir.

Elmi şəkildə isbatlanıb ki, hər bir ailədə iki uşaq varsa, həmin xalq artan xalq sayılmır. Belə azalma statistikalı xalqlar var və onlar dünyadan silinməkdədir:

“Azərbaycanı da bu cür taleyə məhkum etmək olmaz. Ona görə də düşünürəm ki, Azərbaycan qoşulduğu Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının uşaqlarla bağlı sosial siyasətin reallaşdırılmasına əməl etməlidir. Əks təqdirdə Azərbaycan beynəlxalq hüquqla ağır cinayət törətmiş olur”.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*