Sərhəddə yeni gərginlik siqnalı: Ermənistanın təliminin PƏRDƏARXASIbackend

Sərhəddə yeni gərginlik siqnalı: Ermənistanın təliminin PƏRDƏARXASI

Ermənistanın Azərbaycanla sərhədə yaxın ərazidə keçirdiyi “Qapalı Dövrə 2026” təlimi regionda yenidən təhlükəsizlik müzakirələrini gündəmə gətirib. Rəsmi İrəvanın sülh gündəliyindən danışdığı bir vaxtda belə təlimlərin sərhəd bölgələrində təşkil olunması müxtəlif suallar doğurur.
Bəs bu addım hansı riskləri yaradır, sülh prosesinə necə təsir edə bilər və bölgədə hərbi gərginlik ehtimalını artırırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, “Qapalı Dövrə 2026” təlimi əsasən Ermənistanın daxili auditoriyasının hərbi əməliyyatlar və fövqəladə vəziyyət zamanı informasiya ilə təmin olunması, informasiya axınına dövlət nəzarətinin gücləndirilməsi məqsədi daşıyır.

Əli Mustafa
Onun sözlərinə görə, hazırda regionda sülh gündəliyinin müzakirə olunduğu bir dövrdə belə təlimlərin məhz Azərbaycan sərhədinə yaxın ərazilərdə keçirilməsi narahatlıq yaradır və Azərbaycanın haqlı etirazına səbəb olur:

“Bu, göstərir ki, Ermənistan tərəfi hələ də mümkün qarşıdurma və ya münaqişə ehtimalını tam istisna etmir. Təlimin məqsədi müharibə şəraitində dövlətin informasiya məkanına tam nəzarət etməsi, cəmiyyətdə təşviş yarada biləcək məlumatların yayılmasının qarşısını almaqdır. Bu baxımdan informasiya təhlükəsizliyi ilə bağlı tədbirlər görülməsi başadüşüləndir. Lakin sülh gündəliyinin ön planda olduğu indiki mərhələdə belə təlimlərin sərhədə yaxın ərazilərdə keçirilməsi əlavə suallar yaradır”.

Politoloq hesab edir ki, əgər analoji təlimlər sərhəddən uzaq ərazilərdə təşkil olunsaydı, bu qədər narahatlıq doğurmazdı.
Əli Mustafanın fikrincə, Ermənistan cəmiyyətində və siyasi dairələrində revanşist meyllərin tam aradan qalxmaması Azərbaycanın təhlükəsizlik baxımından bütün riskləri diqqətdə saxlamasını zəruri edir:

“Ermənistanda revanşist düşüncələr bizi hər zaman narahat edir. Buna görə də bütün risklər nəzərə alınmalıdır. Görünən odur ki, erməni tərəfi hələ də keçmişdən tam nəticə çıxarmayıb və bu cür addımlar da müəyyən şübhələrin yaranmasına əsas verir”, – deyə politoloq vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*