SOCAR, kim yatmış, kim oyaq? Deyəsən 3 ildi hamı yatmış.
Daxil olan məlumatda yazılır ki, 2026-cı il olmasına baxmayaraq, ölkə üzrə hələ də smart qaz sayğaclarından istifadə edən minlərlə vətəndaş sayğaclarına vəsait yükləyə bilmir.
Bu problemin səbəbi barədə Azəriqaz İB tərəfindən indiyədək hər hansı rəsmi açıqlama verilməyib.
Son iki gün ərzində yalnız 104 Çağrı Mərkəzinə 14 mindən artıq vətəndaş kartına vəsait yükləyə bilmədiyi ilə bağlı müraciət edib. Problemin kütləvi xarakter daşımasına baxmayaraq, vətəndaşlara vəziyyətin səbəbi və həlli istiqamətində konkret məlumat təqdim olunmur.
Qeyd edək ki, ölkə ərazisində 470 mindən artıq aktiv smart qaz sayğacı istifadə olunur və bu sayğacların sahibləri olan yüz minlərlə vətəndaş hazırda ciddi texniki problemlə üz-üzə qalıb. Son iki gün ərzində 50 mindən artıq abonent öz kartlarına vəsait ödəsə də, sistemin yenilənməməsi səbəbindən həmin ödənişlər sayğaclarda əks olunmayıb.
Hazırda isə vəziyyət daha da ağırlaşıb: ölkə üzrə fəaliyyət göstərən heç bir ödəniş terminalı Azəriqaz İB-ın smart kartlarını tanımır və vətəndaşlar nə yeni vəsait yükləyə, nə də əvvəlki ödənişlərini aktivləşdirə bilirlər.
Problemin miqyası olduqca böyük olsa da, Azəriqaz İB tərəfindən bu günədək məsələ ilə bağlı rəsmi açıqlama və konkret həll planı təqdim edilməyib. Mövcud vəziyyət əhali arasında ciddi narazılıq və sosial gərginlik yaradır.
Uzun illər metrologiya sahəsində çalışan təcrübəli mühəndislərin ustalıq və satış şöbələrinə yönləndirilməsi, bir hissəsinin isə işdən çıxarılması nəticəsində “ Azəriqaz İB-də ciddi kadr boşluğu yaranıb.
Bu gün ölkə üzrə minlərlə qaz sayğacı faktiki olaraq qazı saxlayır, qaz keçməsinə imkan vermir, eyni zamanda minlərlə sayğac qaz buraxsa da sərfiyyatı qeydə almır.
Belə bir şəraitdə sual yaranır:
1000–1500 abonenti cəmi 600 manat maaşla çalışdırılan çilingərlərin bu qədər genişmiqyaslı texniki problemlərin öhdəsindən gəlməsi mümkündürmü?
Mövcud kadr siyasəti və texniki nəzarətsizlik bu böhranın əsas səbəblərindən biridir və nəticədə yaranmış vəziyyət artıq ümummilli problemə çevrilib.
Qeyd; deyesən Azəriqaz İB əhali üçün yeni “sayğac”əməliyyatı hazırlayır
Mirvari Qəhrəmanlı
