Son dövrlər kommunal ödənişlərlə bağlı müzakirələrin intensivləşməsi fonunda ilin ikinci yarısında tariflərə yenidən baxılması məsələsi gündəmə gəlib.
Bəs qiymətlər yenidən artırıla bilərmi?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli KONKRET.az-a açıqlamasında bildirib ki, kommunal xidmətlərin qiymətlərinə yenidən baxılması mümkündür, lakin bunun nə zaman baş verəcəyini əvvəlcədən demək çətindir.

Onun sözlərinə görə, tariflərlə bağlı qərarların qəbulu Tarif Şurasının müstəsna səlahiyyətinə daxildir və il ərzində bu istiqamətdə müxtəlif müraciətlər daxil ola bilər:
“Kommunal xidmətlərlə bağlı müəyyən müraciətlərin olacağı gözlənilir və onlara il ərzində baxıla bilər. Amma bunun hansı zaman kəsiyində baş verəcəyi və qiymət artımının olub-olmayacağı barədə indidən dəqiq fikir söyləmək mümkün deyil. Bu qiymətlər inzibati tənzimləyici xarakter daşıdığı üçün istənilən vaxt belə qərar qəbul oluna bilər”.
İqtisadçı qeyd edib ki, tariflərin dəyişdirilməsi iqtisadi amillər, xərclərin artımı və dövlətin tənzimləmə siyasətindən asılı olaraq müəyyənləşir. Buna görə də ilin ikinci yarısında kommunal tariflərin yenilənməsi ehtimalı tam istisna olunmur.
Aynurə İsmayıl
KONKRET.az
