Benzin və dizel yanacağının qiymətlərində baş verən artım ictimai nəqliyyatla yanaşı, taksi xidmətlərinə də mümkün təsirləri ilə gündəmdədir. Xüsusilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən 1 manatlıq taksilərin qiymətlərinin artacağı ilə bağlı suallar aktuallaşıb. Maraqlıdır, hazırda 1 manat olan minimal taksi gediş haqqının 2 manata qalxması realdımı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, 1 manatlıq taksilər əsasən leqal fəaliyyət göstərmirlər və bu səbəbdən onların qiymət siyasətinə nəzarət etmək mümkün deyil.
Ekspertin sözlərinə görə, həmin taksilər rəsmi tarif mexanizmlərinə daxil olmadığından, qiymət artımı ilə bağlı dəqiq proqnoz vermək çətindir:
“Bu taksilər qeyri-rəsmi fəaliyyət göstərir. Onların qiymət siyasəti nə dövlət qurumları, nə də bazar mexanizmləri ilə tənzimlənir. Ona görə də gələcəkdə hansı addımlar atacaqlarını demək mümkün deyil”.
Yasin Mustafayev əlavə edib ki, yanacaq qiymətlərinin bahalaşması fonunda istənilən halda daşınma xərclərinin artması qaçılmazdır və bu da nəticə etibarilə taksi qiymətlərinə təsir göstərə bilər:
“Leqal və ya qeyri-leqal olmasından asılı olmayaraq, yanacaq bahalaşırsa, xidmətin maya dəyəri artır. Bu baxımdan qiymət artımı ehtimalı istisna edilmir”.
Beləliklə, mövcud iqtisadi şəraitdə 1 manatlıq taksilərin gələcəkdə 2 manata qalxması real görünür, lakin bu prosesin hansı formada və nə zaman baş verəcəyi qeyri-müəyyən olaraq qalır.
Aynurə İsmayıl
KONKRET.az

