Moskvanın “Spartak” klubunun futbolçusu, Niderland vətəndaşı Kvinsi Promes fevralın 29-da Əl-Məktum beynəlxalq hava limanında pasport nəzarətindən keçərkən saxlanılıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Dubay polisi onun hazırda Əl-Xəvanic polis bölməsində saxlanıldığını bildirib.
Qeyd edilib ki, idmançı İnterpolun “mavi” bildirişinə əsasən saxlanılıb. Həmin bildiriş futbolçunun şəxsiyyəti, fəaliyyəti və cinayət təhqiqatı ilə əlaqədar olduğu yer haqqında əlavə məlumatların toplanmasını nəzərdə tutur. Lakin Niderland məhkəməsi futbolçuya qarşı ittiham aktı çıxardıqdan sonra onun beynəlxalq axtarış statusu “qırmızı”ya çevrilib. Bu da onun istənilən ölkənin güc strukturları tərəfindən həbs edilməsinə əsas verir.
Xatırladaq ki, fevralın 14-də Amsterdam Dairə Məhkəməsi Kvinsi Promesi narkotik qaçaqmalçılığında təqsirli bilib və altı il müddətinə azadlıqdan məhrum edib. Onun əmlakına həbs qoyulub, futbolçu beynəlxalq axtarışa verilib. Müstəntiqlərin fikrincə, 2020-ci ildə Kvinsi Promes Antverpen limanı vasitəsilə 1,3 ton kokainin daşınmasını təşkil edib.
Xatirə SADİQ,
KONKRET.az