73 yaşlı Sergey Ostapenko 1964-cü ildə çəkilmiş məşhur sovet filmi “Mальчиш-Кибальчиш”də baş rolda çıxış etdikdən sonra uzun illərdir ABŞ-da yaşayır və müdafiə sənayesi sahəsində çalışır.
SSRİ dağıldıqdan sonra kinonu tərk edən Ostapenko elmi fəaliyyətə keçib və Florida ştatında yerləşən Ultrasonic Technologies adlı texnologiya şirkətini yaradıb.
KONKRET.az xəbər verir ki, onun şirkəti ABŞ-ın Milli Elm Fondunun (National Science Foundation) dəstəyi ilə zirehli lövhələrdəki çatları müəyyən etmək üçün diaqnostik cihazlar, həmçinin hipersəs və kosmik aparatlara istilikdən mühafizə sistemləri hazırlayır. 2013-cü ildə Ostapenkonun firması ABŞ-ın müdafiə sənayesində mühüm rola malik Ceradyne Inc. (3M şirkətinə məxsusdur) üçün RUV (rezonanslı ultrasəs vibrasiyası) texnologiyasını təqdim edib. Bu texnologiya zirehli geyimlərin keyfiyyətinin daha dəqiq yoxlanılmasına imkan verir.
ABŞ 2022-ci ildən etibarən Ukrayna Silahlı Qüvvələrinə 70 mindən çox zirehli dəst verib və onların bir hissəsi məhz Ostapenkonun texnologiyası ilə hazırlanan Ceradyne məhsullarıdır. Həmin zirehli geyimlərin bir neçəsi 2022-ci ildə Soledar döyüşlərində ABŞ-dan olan muzdlu döyüşçülərin üzərində müşahidə edilib.
Natiq Səlim,
KONKRET.az