
Britaniyasayağı azərbaycançılıq… Və ya xristian təəssübkeşliyinə tüpürən jurnalist Sakur birdən birə nə oldu ki, erməni baş naziri hərbi cinayətlərdə ittiham etdi?!
Mənim versiyam budur ki, Qərbin Qafqaz və Orta Asiya ilə bağlı siyasətində kardinal dəyişikliklərə start verilib və bu planda Türkiyə dövləti prosesin aparıcı qüvvəsidir. Düşünürəm ki, dünya siyasi gündəminin işıqlandırılmasında nömrə bir olan məşhur ingilis telekanal BBC-nin tanınmış “qocaman” jurnalisti Sakur verilişin o formatını və öldürücü sualları təsadüfi seçməmişdi. Bu, ən yüksək səviyyədə, hətta deyərdim ki, MI-6 ingilis xəfiyyə idarəsi və Britaniya hökuməti, parlamenti səviyyəsində razılaşdırılmış format idi. Hansısa başlamış prosesin bir xırda anonsu deyək.
Təbii ki, bizim xeyrimizə ola biləcək prosesdən söhbət gedir. Ancaq biz bu böyük prosesin içində qorunmalı olan xırda bir həlqəyik. Ola bilsin, bütövlükdə Qərb ABŞ və Britaniyanın patronajlığında Qafqaza və Orta Asiyaya yönəlik geopolitik planlarında strateji dəyişikliklər edir və bu fonda Azərbaycanın haqlı tərəf kimi görünməsi, probleminin həlli Qərbin uzunmüddətli geopolitik planlarında zərurətə çevrilib, biz istədik ya istəmədik. Bu arada prezident Ilham Əliyevə Rusiyanın Ermənistana gizli şəkildə və qəribə marşrutla nə az nə çox, düz 7 yük təyyarəsilə (Rusiya-Qazaxstan-Türkmənistan-Iran-Ermənistan) 400 tondan çox silah-sursat, zenit-raket kompleksləri daşıdığı barədə məlumatları da böyük ehtimal bizim yox, məhz Qərb kəşfiyyat orqanları (Britaniya-Türkiyə-Israil) üzə çıxarıb Ilham Əliyevin masasına buraxıb.
Görünən o ki, kəşfiyyat orqanlarında Rusiyanın Azərbaycanla bağlı məkrli planları var və Qərb, Türkiyə və Israil bu planda Azərbaycanı ruslara yem etməyəcəklər! Yoxsa, durduq yerdə Ermənistan baş naziri Paşinyan və təmsil etdiyi xalq niyə bu şəkildə dünya ictimaiyyətinin gözündən salınaraq linç edilsin ki, hətta ermənilər linç olunmağı çoxdan haqq etsələr də belə?! Yəni, sözümün canı bu ki, axı biz Qərbin ikili standartları və erməni yalanlarını durmadan həqiqət kimi tirajlamasını az görməmişik. Axı 30 ildə bir dəfə olsun Ermənistanı işğalçı dövlət kimi tanımayan Qərb ölkələri nə oldu da indi bu işğalı belə açıq bəyan edirlər? Erməni lobbisi bizi həmişə Qərb dairələrində fərqli təqdim etməyə nail olub maləsəf. Bəs onda bu siyasi baxışlardakı radikal dəyişim nə ilə əlaqədar ola bilər? Qəfil nə baş verdi ki, Azərbaycanın torpaqlarının ermənilər tərəfindən işğalı və azərbaycanlıların müharibə dövründə ermənilərin cinayətlərinin qurbanına çevrilməsi faktı bu ingilislərin yadına düşdü? Həm də məşhur bir Qərb telekanalının məşhur bir proqramının məşhur bir jurnalistinin təqdimatında!
Hadisələrin xüsusilə indi, diplomatik trafikin sıxlığı, gediş-gəlişlərin intensivləşdiyi, Azərbaycanla Ermənistan arasında partlayan hərbi toqquşmadan sonra regionun yenidən qaynar nöqtəyə çevrildiyi, Türkiyənin baş verənlərə sərt reaksiya verərək bölgədə söz sahibi olduğunu nümayiş etdirdiyi, Rusiya ilə sərhəddə yerləşən Belarusdakı hadisələrin tamamən fərqli istiqamətə kurs götürdüyü, Xabarovskda davam edən, Başqırdıstanda yeni başlayan xalq yürüləri fonunda Rusiyanın az qala divara sıxıldığı indiki dövrdə baş verməsi də bir ayrı özəllikdir. Maraqlıdır, elə deyilmi? Bütün bu yazılanların fonunda xatırladım ki, yaxınlarda Böyük Britaniyanın məşhur kəşfiyyat idarəsi “MI-6″ya təyin olunan rəhbəri Riçard Murun siyasi və iş həyatının 80 faizi Türkiyə ilə bağlı olub. O, bir zamanlar Ingiltərənin Türkiyədə səfiri işləyib.
Eyni sözü dünyaca məşhur və planetin ən güclü kəşfiyyat orqanı olan ABŞ-ın xəfiyyə idarəsi MKI (Mərkəzi Kəşfiyyat Idarəsi) üçün də söyləmək olar. MKI-nin də yeni rəhbəri Cina Haspel uzun illər Türkiyə və Azərbaycanla işləmiş təcrübəli bir siyasi xadimdir. Bilmirəm nə dərəcədə əlaqəlidir bütün bunlar bir-birilə, ancaq xristian bir jurnalist Sakurun, az qala 90-cı illərin Mirşahini kimi danışması, suallar verməsi, dini təəssübkeşliyə tüpürüb, müsəlman AZƏRBAYCANPƏRƏST olub, az qala, erməni baş nazirini divara dirəməsi, ondan azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə üzr istəyib istəməyəcəyini israrla soruşması, bir neçə sualda adamı səhv çıxarması çox maraqlı, eyni zamanda qəribə gəldi və bütün bunların hamısının elə belə olmadığı qənaətini möhkəmlətdi. Həyat özü bir yana, siyasətdə heç vaxt təsadüflər olmur, zərurətlər olur…