“Əvvəlki hökumətin gedişindən sonra ABŞ-ın Suriyaya qarşı sanksiyaları artıq özünü doğrultmur”.
KONKRET.az xəbər verir ki, bunu Suriyanın müvəqqəti hökumətinin rəhbəri Əhməd əş-Şaraa deyib.
O, Suriyaya qarşı tətbiq edilən sanksiyalara toxunaraq, onların aradan qaldırılmasının zəruriliyi ilə bağlı beynəlxalq razılaşmaya işarə edib.
Bildirib ki, Suriya təhlükəsizlik problemləri ilə üzləşir və onların həlli yollarından biri iqtisadi inkişafdır. Onun fikrincə, iqtisadi artım olmadan sabitlik gözləmək yersizdir. Bu da xaosa və iğtişaşlara gətirib çıxaracaq.
Əhməd əş-Şaraa Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra hərbi qurumun bərpasına da toxunub və Suriyanın yeni ordusuna minlərlə könüllünün qoşulduğunu qeyd edib. O, məcburi hərbi xidmətə deyil, könüllü çağırışa üstünlük verdiyini vurğulayıb.
Keçid dövründə prezident postunu tutmaq qərarına gəlincə, əş-Şaraa deyib: “Mən prezidentliyə can atmadım. İndi məqsəd yeni, güclü və sabit Suriya qurmaqdır”.
Qəzza zolağındakı vəziyyətə toxunan Suriya prezidenti ABŞ lideri Donald Trampın Qəzza əhalisini köçürmək planını pisləyib və bunun uğur
qazanmayacağını vurğulayıb.
“Qəzza xalqı il yarım ərzində əzab-əziyyət, qətl və dağıntılara dözdü və öz torpaqlarını tərk etmədi. İnsanlar öz torpaqlarından qovmaq uğur gətirməyəcək. Bu, böyük cinayət olardı”, – deyə Əhməd əş-Şaraa vurğulayıb.
Vəli Həsənoğlu,
KONKRET.az