Tahir İmanovun bu sözü narahatlıq yaratdı – İlahiyyatçı şifrələri açdıbackend

Tahir İmanovun bu sözü narahatlıq yaratdı – İlahiyyatçı şifrələri açdı

Tahir İmanovun qardaşı Cabir İmanovun dəfn mərasimində jurnalistlərə müraciəti “halallıq” mövzusunu yenidən gündəmə gətirib. O, çəkiliş aparılacağı təqdirdə, “hər iki dünyada haqqımızı halal etmirik” sözləri ilə xəbərdarlıq edib. Sonrakı videomüraciətində də o, “bə bu fünyada, nə axirətdə haqqımı halal etmirəm” ifadəsini təkrarlayıb.

Bu ifadə isə ictimai müzakirələrdə geniş rezonans doğurub.

Bəs “haqq halal etmirik” demək nə mənaya gəlir? Bir insan kiməsə “sənə haqqımı halal etmirəm” deyəndə, bu, dini və mənəvi baxımdan nə dərəcədə keçərlidir? Belə bir söz Allah dərgahında necə qəbul olunur? Ümumiyyətlə, hər kəs bu ifadəni işlətməklə qarşı tərəfə dini və mənəvi məsuliyyət yükləyə bilərmi?

Son dövrlər sosial mediada və ictimai müzakirələrdə bu cür çağırışlara tez-tez rast gəlinir. İnsanlar arasında “halallıq” anlayışı bəzən emosional bir ifadə kimi səslənsə də, onun arxasında həm dərin dini məna, həm də mənəvi məsuliyyət dayanır.

Halallıq və haqq məsələsi yalnız müsəlmanlara aid anlayışdırmı? Yoxsa digər dinlərdə də oxşar mənəvi prinsiplər mövcuddur?

KONKRET.az xəbər verir ki, globalinfo-ya danışan ilahiyyatçı Ağa Hacıbəylideyib ki, halallıq anlayışı dinimizdə təkcə emosional bir hiss deyil, eyni zamanda hüquqi və mənəvi məsələ kimi dəyərləndirilir:

“İslamda “qul haqqı” anlayışı mövcuddur və bu, elə bir haqdır ki, Qiyamət günü Allah belə həmin haqqı sahibinin razılığı olmadan bağışlamaz. Peyğəmbərimizin (s.ə.s) bir hədisində buyurulur ki, “Qiyamət günü insanlar bir-birinin haqqını bağışlamadıqca və ya haqq-hesab etmədikcə, Allah onları hesaba çəkməz”. Bu isə halallıq məsələsinin nə qədər ciddi məsuliyyət daşıdığını göstərir. Qurani-Kərimin “Şura” surəsinin 40-cı ayəsində Uca Yaradan buyurur: “Kim bağışlayarsa və islah edərsə, onun mükafatını Allah verəcəkdir”. Yəni halallıq vermək bağışlamaq, öz haqqından könüllü şəkildə keçmək, qarşı tərəfə qarşı mərhəmət və hörmət göstərmək deməkdir”.

İlahiyyatçı bu məsələnin digər tərəfinin olduğunu da vurğulayıb:

“Əgər bir insan doğrudan da haqlıdırsa, onun haqqı tapdalanıbsa, hüququ pozulubsa və o, bu səbəbdən “haqqımı halal etmirəm” deyirsə, bu, emosional deyil, real bir məsuliyyətdir və axirət günündə haqq-hesaba çevriləcək mövzudur. Amma elə hallar da olur ki, insanın nə hüququ pozulub, nə də ona qarşı bir ədalətsizlik olub, sadəcə emosional olaraq “mən haqqımı halal etmirəm” deyir. Belə hallarda bu ifadənin dini tutarlılığı zəifdir, çünki ortada real bir “qul haqqı” yoxdur. Belə sözlər daha çox hissi bir reaksiyadır və dini baxımdan ciddi məna daşımır”.

Ağa Hacıbəylinin sözlərinə görə, qul haqqı anlayışı yalnız islam dininə məxsus deyil:

“Xristianlıqda da oxşar mənəvi prinsip mövcuddur. Onların inancında da insanın insana qarşı haqqı, ədalət və bağışlama məsələləri əsas dəyərlərdən sayılır. Səmavi kitablarda təhrif olunmamış hissələrdə “insanlar arasında haqq və ədalət” anlayışına xüsusi önəm verildiyi görünür”.

İlahiyyatçı son olaraq əlavə edib ki, halallıq sadəcə bir söz deyil, həm dünyəvi, həm də axirət baxımından böyük məsuliyyət daşıyan mənəvi və hüquqi bir anlayışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*