Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ!backend

Taksi sürücüsü olmaq istəyənlərin NƏZƏRİNƏ!

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün noyabrın 20-də növbəti imtahan keçiriləcək.

DİM-dən KONKRET.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün mərkəzə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub. Həmin şəxslər oktyabrın 23-dən noyabrın 7-si saat 12:00-dək qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək. Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından çap edə biləcəklər.

İmtahan 1 saat davam edir. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. On və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara yeddi il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*