“Hər gün tanıdığımız kimisə (kimlərisə) COVİD-19 bizdən alır. Sabah bizi də nə gözlədiyini bilmirik. Uzun müddət “Facebook”da nəsə yazmaq istəmirdim. Çox sadə səbəbdən ki, həqiqəti sonadək yaza-danışa bilmiriksə, susmaq daha hörmətli işdir. Amma ətrafımızda baş verənlər adamı sakit buraxmır. Tanıdığım nə qədər insan səhiyyə sisteminin, sosial müdafiə sisteminin əlinin tərsilə kənara itələnib”.
KONKRET.az-ın xəbərinə görə, bunu iqtisadçı Rövşən Ağayev deyib.
“Tanıdığım biri həkimə yalvarır ki, elə edin mən xəstəxana görməyim, təcili işə çıxım. Yoxsa ailəllikcə acından ölə bilərik. Bu qədər varlı ölkənin səhiyyə sistemi, sosial müdafiə sistemi hansı gün insanların dadına çatacaq? Bundan daha ağır günlər olacaqmı? Şəxsən öz payıma deyirəm – korona öldürsə də zərər yoxdur. Amma həqiqətin yalana, meritokratiyanın nepotizmə, şəffaflığın saxtakarlığa, ləyaqətin nadanlığa, kitabın cəhalətə məğlub olduğunu görmək covidə məğlub olmaqdan daha ağırdır” – R.Ağayev qeyd edib.