“Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayır və siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, humanitar əməkdaşlığın inkişafı üçün səmərəli platforma qismində çıxış edir”.
KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Kazinform” agentliyinə müsahibəsində deyib.
“2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda əsası qoyulmuş Türk Dövlətləri Təşkilatı türkdilli xalqlar və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və həmrəyliyin artırılması istiqamətində böyük töhfələr verib. Ötən il Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçılarının Şurasının 12-ci Zirvə toplantısı baş tutub. Bu yüksəksəviyyəli görüşlər zamanı təşkilat çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsinə, türk dünyasının sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına və qlobal arenada güc mərkəzinə çevrilməsinə xidmət edən bəyannamələr imzalanıb”, – dövlət başçısı qeyd edib.