Sumqayıt şəhərində baş verən ölüm hadisəsinin bəzi təfərrüatları məlum olub.
KONKRET.az xəbər verir ki, şəhərin 30-cu məhəllə ərazisində yaşayan 2007-ci il təvəllüdlü Müşfiq Mirmehdi oğlu Fəttayevin qəfil vəfat etdiyi müəyyən edilib.
Yaxınlarının verdiyi məlumata görə, gənc yaşadığı evdə halsız vəziyyətdə aşkarlanıb. Dərhal təcili tibbi yardım çağırılsa da, həkimlər hadisə yerinə çatarkən onun artıq dünyasını dəyişdiyini bildiriblər.
İlkin tibbi rəyə əsasən, 18 yaşlı Müşfiq Fəttayev ürəktutması nəticəsində həyatını itirib. Faktla bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb, polis əməkdaşları hadisə yerinə baxış keçiriblər. Meyit əlavə müayinələr üçün müvafiq ekspertizaya təqdim olunub.
Qeyd edək ki, vəfat edən gənc ölkədə tanınmış siyasi xadim, partiya sədri Mirmahmud Fəttayevin nəvəsidir. Mərhumun atası Mirmehdi Fəttayevin iki övladı var idi. Dünyasını dəyişən Müşfiq ailənin böyük övladı olub, kiçik qardaşı isə hazırda məktəblidir.
Hadisə ilə bağlı araşdırmalar davam edir. İctimaiyyətə əlavə məlumatın veriləcəyi bildirilib.
