Tehran iki həftəyə ələ keçirilə bilər? – Ekspertdən açıqlamabackend

Tehran iki həftəyə ələ keçirilə bilər? – Ekspertdən açıqlama

Yaxın Şərqdə artan gərginlik fonunda İran və onun paytaxtı Tehran ətrafında baş verən hadisələr dünya gündəminin əsas mövzularından birinə çevrilib. Regionda davam edən qarşıdurmalar, xüsusilə ABŞ və İsrail ilə bağlı hərbi-siyasi proseslər fonunda Tehranın qısa müddətdə hərbi yolla ələ keçirilə biləcəyi ilə bağlı iddialar da müzakirə olunur.

Bəs Tehran kimi böyük və strateji əhəmiyyətə malik paytaxtın iki həftə kimi qısa müddətdə ələ keçirilməsi nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Tehran həm ölçüsünə, həm də siyasi və hərbi əhəmiyyətinə görə dünyanın ən mühüm paytaxtlarından biridir:

Cavanşir Abbaslı

“Tehran müharibə riskinin yüksək olduğu bir regionda yerləşən və İran kimi ciddi hərbi-siyasi gücə malik dövlətin mərkəzidir. ABŞ və onun müttəfiqi İsrail qarşısında müqavimət göstərən bir ölkənin paytaxtıdır. Şəhərə çoxsaylı zərbələr endirilsə də, burada yaşayan əhali və dövlət strukturları mövqelərini qoruyur. Bu isə onu göstərir ki, Tehranı ələ keçirmək o qədər də asan məsələ deyil”.

Onun sözlərinə görə, hər hansı dövlətin müstəqilliyinə son qoymaq üçün paytaxtın nəzarətə götürülməsi əsas şərtlərdən biri hesab olunur:

“Tehranın ələ keçirilməsi İran dövlətinin müstəqilliyinin faktiki olaraq sona çatması demək olardı. Lakin hazırkı şəraitdə bu, real görünmür. Bunun üçün genişmiqyaslı quru əməliyyatları tələb olunur. Amma ABŞ və İsrailin İran ərazisində belə əməliyyatlara başlamaq niyyətində olmadığı açıq görünür”.

Cavanşir Abbaslı bəzi ölkələr tərəfindən səsləndirilən iddiaları da qeyri-ciddi hesab edir:

“Hərbi güc baxımından zəif olan bəzi ölkələrin bu tip iddialarla çıxış etməsi reallıqdan uzaqdır. Məsələn, Uqanda kimi hərbi reytinqlərdə geri sıralarda yer alan bir dövlətin belə bir paytaxtı qısa müddətdə ələ keçirməsi barədə fikirlər sadəcə gülüncdür”.

Ekspert həmçinin qeyd edib ki, müharibənin qısa müddətdə başa çatacağı ilə bağlı əvvəlki proqnozlar özünü doğrultmur:

“ABŞ prezidenti Donald Tramp müharibənin bir neçə həftə davam edəcəyini bildirsə də, artıq proseslərin uzandığını görürük. Bu isə onu göstərir ki, regiondakı vəziyyət daha mürəkkəbdir və qısa müddətli hərbi ssenarilər real deyil”.

Siyasi şərhçinin fikrincə, hazırkı qarşıdurmada əsas məqsəd Tehranın işğalı deyil:

“Burada əsas hədəf İranı tam işğal etmək yox, onu nəzarət altına almaqdır. Xüsusilə Hörmüz boğazı üzərində təsir imkanlarının genişləndirilməsi prioritet kimi görünür. Bu baxımdan, Tehranın ələ keçirilməsi mövcud planların mərkəzində dayanmır”.

Beləliklə, ekspert hesab edir ki, Tehran kimi böyük və strateji şəhərin qısa müddətdə hərbi yolla ələ keçirilməsi nə hərbi, nə də siyasi baxımdan realdır. Mövcud vəziyyət isə regionda uzunmüddətli və mürəkkəb qarşıdurmanın davam edəcəyinə işarə edir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*