İsrail ilə İran arasında qızışan müharibə, demək olar ki, digər bütün hadisələri informasiya gündəmindən sıxışdırıb çıxarıb. Bəs bu gərginlik siyasi-diplomatik yolla həll oluna bilərmi? Əgər bəli, bu halda tərəflər arasında mümkün danışıqlara ev sahibliyi edə biləcək neytral və nüfuzlu platformanı hansı ölkə təqdim edə bilər?
KONKRET.az xəbər verir ki, israilli politoloq, siyasi elmlər namizədi Yuri Boçarov bu barədə fikirlərini bölüşüb.
Ekspertin sözlərinə görə, İran-İsrail qarşıdurmasında danışıqlar platformasının müzakirəsindən öncə, geniş mənzərəni — xüsusilə ABŞ-ın hazırkı mövqeyini nəzərdən keçirmək vacibdir:
“Hazırda ABŞ rəhbərliyində, xüsusən Donald Trampın timsalında, İranla açıq hərbi qarşıdurmaya başlamaq istəyi görünmür. Trampın son açıqlamaları, əslində, diplomatik razılaşmalar üçün pəncərə saxlayır və bu da daha sərt addımları təxirə salır. Bu, onu göstərir ki, İranla bağlı yekun qərar ABŞ-Rusiya razılaşmasının bir hissəsi ola bilər.”
Boçarov qeyd edib ki, hazırda İran məsələsi ABŞ-Rusiya-İsrail arasında özünəməxsus geosiyasi üçbucaq çərçivəsində müzakirə olunur:
“Rusiya aydın şəkildə göstərib ki, Tehranda rejimin zorla dəyişdirilməsinə qarşıdır və İranı Yaxın Şərqdəki maraq dairəsinin tərkib hissəsi kimi görür.”
Ekspert əlavə edib ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da Moskvaya qarşı yönəlmiş hər hansı hücumlara, xüsusilə də İranın ali rəhbərinin devrilməsinə cəhdlərə sərt reaksiya verəcəklərini bəyan edib.
Boçarovun sözlərinə görə, əgər Vaşinqton və Moskva arasında müəyyən razılaşma əldə olunarsa, o zaman İran və İsrail arasında danışıqlar prosesi mümkün ola bilər: “O halda danışıqların harada baş tutacağı məsələsi aktuallaşacaq. Düşünürəm ki, bu məsələdə Baku və Ər-Riyad variantları xüsusilə diqqətə alınacaq.”
Politoloq qeyd edib ki, Bakı son illərdə dəfələrlə neytral və konstruktiv vasitəçi kimi çıxış edib:
“İsrail və Türkiyə arasında münasibətlərin normallaşması prosesi də, xatırladım, Bakı vasitəçiliyi ilə mümkün olmuşdu. Bu presedent Azərbaycanın, zərurət yaranacağı halda, İsrail və İran arasında ilkin texniki danışıqlar üçün uyğun məkan kimi qəbul edilməsinə zəmin yaradır.”
Boçarov həmçinin vurğulayıb ki, Azərbaycanın həm Tehranla, həm də Təl-Əvivlə unikal münasibətləri, balanslı xarici siyasəti və etibarlı tərəfdaş imici var. Bu isə Bakı şəhərini həm coğrafi, həm də siyasi baxımdan ideal diplomatik meydan halına gətirir.
Rusiyalı politoloq, Xəzər Strateji Araşdırmalar İnstitutunun eksperti Aleksandr Karavayev isə bildirib ki, İsrail-İran qarşıdurması fonunda dünya əsasən üç düşərgəyə bölünüb:
-
İsrailin hərbi əməliyyatlarını dəstəkləyən Qərb ölkələri;
-
İranı dəstəkləyən azsaylı ölkələr (məsələn, Pakistan);
-
Orta xətt — Rusiyanın təklif etdiyi təhlükəsizlik balansı və sülh platforması ilə maraqlanan dövlətlər.
Karavayevin fikrincə, Azərbaycan bu orta xətdə yer alır və həm İranla, həm də İsraillə eyni vaxtda çoxşaxəli əlaqələrə malikdir:
“Bu əməkdaşlıq sərhədyanı enerji layihələrindən tutmuş, Kaspiy hövzəsindəki nəqliyyat marşrutlarına və müdafiə sənayesi üzrə tərəfdaşlığa qədər uzanır. Bütün bu layihələr Azərbaycanı regionda unikal oyunçuya çevirir.”
Ekspert qeyd edib ki, bu çoxşaxəli siyasət Azərbaycanı Rusiya tərəfindən təşviq ediləcək mümkün diplomatik platformalara da daxil edir. Onun sözlərinə görə, bu təşəbbüslər artıq BƏƏ və Bəhreynlə müzakirə olunub, yaxın zamanda Misir, Mərakeş və digər ölkələrin də prosesə qoşulacağı istisna deyil.
Karavayev hesab edir ki, 21-22 iyun tarixlərində İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurası iclasında bu təşəbbüs daha açıq şəkildə təqdim olunacaq.
Mənbə: https://minval.az/news/124471382
Natiq Səlim,
KONKRET.az