“Təməl” Memarlıq Mükafatının  təqdimetmə mərasimi keçirilibbackend

“Təməl” Memarlıq Mükafatının təqdimetmə mərasimi keçirilib

Fevralın 27-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsis etdiyi növbəti “Təməl” Memarlıq Mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbirdə dövlət rəsmiləri, ictimai xadimlər, özəl sektor nümayəndələri, memar və şəhərsalma mütəxəssisləri iştirak ediblər.

KONKRET.az xəbər verir ki, mərasimdə açılış nitqi ilə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov artıq ənənəyə çevrilmiş “Təməl” Memarlıq Mükafatının peşəkarlığın, innovativ düşüncənin və məsuliyyətli memarlıq yanaşmasının rəmzinə çevrildiyini bildirib. O, budəfəki müsabiqənin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20 illik yubileyi və “Şəhərsalma və Memarlıq İli”nə təsadüf etdiyinə diqqət çəkərək, şəhərsalma və memarlıq sahəsinin dövlət siyasətində prioritet istiqamət olduğunu vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş bu strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Bu siyasətin əsas mahiyyəti şəhərlərin planlı inkişafını təmin etməklə yanaşı, insan amilini, sosial rifahı və ərazi balansını ön plana çəkməkdən ibarətdir”, – deyən N.Hümmətov qeyd edib ki, məhz bu ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olaraq 20 il ərzində Komitə tərəfindən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Baş planların hazırlanması və təsdiqi, eləcə də rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində mühüm işlər görülüb. Bu günədək ölkənin 79 şəhərindən 67-nin Baş planı təsdiqlənib, digər şəhərlərin planları üzrə işlər davam etdirilir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur regionunda yeni yaşayış məntəqələrinin salınması, enerji səmərəliliyi və ekoloji dayanıqlılıq prinsiplərinə əsaslanan müasir məkan modelinin formalaşdırılması istiqamətində mühüm nəticələr əldə olunub.

Beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlardan da bəhs edən Komitə sədrinin birinci müavini 17-22 may tarixlərində Bakının 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsini Azərbaycanın şəhərsalma siyasətinin qlobal səviyyədə tanınması ilə əlaqələndirib.

Tədbirdə daha sonra Komitə sədrinin müavini, münsiflər heyətinin sədri İlqar İsbatov və Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə çıxış edərək, mükafatın memarlıq ənənələrinin qorunması, innovativ yanaşmaların təşviqi və keyfiyyətli şəhər mühitinin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, “İlin ən yaxşı memarlıq layihəsi” mükafatı 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət

Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsis edilib. Ötən ildən etibarən “Təməl” Memarlıq Mükafatı adı altında həyata keçirilən təşəbbüsün əsas məqsədi il ərzində ərsəyə gətirilən layihələrin peşəkar meyarlar əsasında qiymətləndirilməsi, memarlıq sənətinin inkişafı və yaşayış məntəqələrində şəhərsalma mühitinin keyfiyyətinin yüksəldilməsinə töhfə verməkdir.

Mərasimin davamında müsabiqə üzrə nəticələr elan olunub.

Mükafatlandırma çərçivəsində 890 layihə arasından seçilmiş 82 iş üzrə altı nominasiyada qalib olan 15 layihə müəllifləri “Təməl” mükafatı və diplomlarla təltif edilib. Həmçinin gənc memar Nurlan Tahirli Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə xüsusi mükafata layiq görülüb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*