Sosial şəbəkələrdə vətəndaşlara Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 1000 manat ödəniləcəyi ilə bağlı yalan məlumat yayan şəxslərdən biri inzibati qaydada həbs olunub.
KONKRET.az xəbər verir ki,1995-ci il təvəllüdlü, Balakən rayonunun Qullar kənd sakini A.İbrahimov barəsində 9 sutka inzibati həbs qərarı verilib.
Məlumata görə, o, Tiktok sosial şəbəkəsində 1932-2017-ci illər arasında doğulmuş Azərbaycan vətəndaşlarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1000 manat ödəniş ediləcəyi barədə yalan məzmunlu videonu “99.tt.999” adlı səhifəsində paylaşıb.
A.İbrahimov ifadəsində bildirib ki, Qullar kəndində yaşadığı evdə olarkən “Təlimat profildədir” adlı səhifədə sözügedən videonu görüb, onun ekran görüntüsünü çəkərək öz səhifəsində yayımlayıb.
Paylaşım qısa müddətdə geniş yayılıb.
A.İbrahimovun sözlərinə görə, paylaşımına 12 800 bəyənmə gəlib, 995 şərh yazılıb. Şərh edənlərin əksəriyyəti qeydiyyat qaydası və ödənişin necə alınacağı ilə maraqlanıb. O isə bir çox sorğuya “səhifəyə takib atın, məlumatınız olsun” cavabını yazdığını deyib.
Məhkəmədə əməlindən peşman olduğunu bildirən şəxs bir daha belə hərəkətlərə yol verməyəcəyini deyib və yüngül cəza tətbiq edilməsini xahiş edib.
Qeyd edək ki, internetdə yayılması qadağan olunan məlumatın paylaşılmasına görə o, inzibati məsuliyyətə cəlb edilib.
Bildirək ki, bu cür paylaşım sosial şəbəkələrdə bir neçə səhifələrdən paylaşılıb.
