Yaxın Şərqdə gərginlik fonunda Amerikanın İrana mümkün razılaşma üçün konkret vaxt çərçivəsi – 6 aprelədək müddət verməsi beynəlxalq gündəmdə ciddi müzakirələrə səbəb olub.
Bu, geriçəkilmə üçün fürsətdir, yoxsa qarşıdurmanın yeni mərhələsinin başlanğıcıdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Sədrəddin Soltan bildirib ki, qeyd olunan vaxt çərçivəsi daha geniş kontekstdə – aprelin 9-dək olan dövrü də əhatə edir.

Politoloq qeyd edib ki, bu tarix rəmzi məna daşıyır:
“Aprelin 9-u İranın özünü nüvə dövləti kimi elan etdiyi tarixdir. Əgər həmin gün saziş gerçəkləşərsə, ABŞ Tehran hakimiyyətinə nüvə dövləti olması ilə bağlı iddiasını məhv etdiyi gün kimi imza atdıracaq”.
Sədrəddin Soltan əlavə edib ki, paralel olaraq hərbi və siyasi təzyiq mexanizmləri də işə salınır:
“ABŞ və İsrail tərəfindən İranın hərbi obyektlərinə, inzibati binalarına, SEPAH qərargahlarına və raket anbarlarına zərbələr endirildiyi bildirilib. Bununla yanaşı, danışıqların getdiyi ilə bağlı açıqlamalar verilir. İran isə bu iddiaları qəbul etmir”.
Siyasətçinin fikrincə, əvvəlki illərin təcrübəsi göstərir ki, tərəflər arasında danışıqların aparılması ehtimalı yüksəkdir. Tehran hakimiyyəti bu prosesləri adətən ictimaiyyətdən gizlətməyə çalışır. Mövcud vəziyyət də ABŞ-ın üstün mövqedə olduğunu göstərir. Münaqişəni başlayan tərəf kimi Vaşinqton onu öz şərtləri çərçivəsində yekunlaşdırmağa çalışır və İranı danışıqlara məcbur edir.
Soltanlı vurğulayıb ki, ABŞ-ın Pakistan vasitəsilə İrana təqdim etdiyi 15 maddəlik təklifin rədd edilməsi barədə məlumatlar da yayılıb. Onun sözlərinə görə, bu addım Vaşinqtonun həm beynəlxalq, həm də daxili auditoriyaya mesajıdır:
“ABŞ bir tərəfdən hərbi güc nümayiş etdirir, digər tərəfdən isə sülh təklifini irəli sürür. Bu, həm neft bazarına, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş siqnaldır”.
Sədrəddin Soltan hesab edir ki, hazırkı mərhələdə vəziyyət yeni müharibənin başlanğıcından daha çox, mövcud qarşıdurmanın dərinləşməsi ehtimalını artırır. ABŞ sülh təklif etdiyini bildirir, İran isə bunu qəbul etmir. Bu halda məsuliyyətin Tehran hakimiyyətinin üzərinə yönəldilməsi müşahidə olunur”.
Politoloq əlavə edib ki, proseslərin inkişafı tərəflərin növbəti addımlarından asılı olacaq və regionda gərginliyin azalması hələlik real görünmür.
Dəniz Pənahova
KONKRET.az
