ABŞ prezidenti Donald Tramp Çinlə ticarət əlaqələri üzrə əldə edilmiş razılaşmanın Pekin tərəfindən pozulduğunu bəyan edib. O, bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.
KONKRET.az xəbər verir ki, Tramp qeyd edib ki, onun tətbiq etdiyi yüksək gömrük tarifləri Çin üçün “dağıdıcı” təsir göstərib:
“Çoxlu fabriklər bağlandı və, yumşaq desək, vətəndaş narazılıqları baş qaldırdı. Mən baş verənləri gördüm və bu mənzərə xoşuma gəlmədi – onlar üçün, yoxsa bizim üçün yox.”
Tramp əlavə edib ki, vəziyyəti sabitləşdirmək üçün sürətli şəkildə Çinlə razılaşma imzalayıb:
“Mən Çinliləri çox ağır vəziyyətdən xilas etmək üçün razılaşma bağladım. Həmin saziş sayəsində vəziyyət tezliklə sabitləşdi və Çin normal biznes rejiminə qayıtdı. Hər kəs razı qaldı. Bu – yaxşı xəbərdir!”
Lakin Tramp daha sonra Çinin həmin razılaşmanın şərtlərinə əməl etmədiyini bildirib:
“Pis xəbər isə odur ki, bəlkə də bəziləri üçün təəccüblü deyil, Çin bizimlə bağladığı sazişi tam şəkildə pozub.”
Bu açıqlama ABŞ-Çin münasibətlərində növbəti gərginliyin yaranacağından xəbər verir.
Natiq Səlim,
KONKRET.az