Rusiya, İran və Çin yaxın vaxtlarda Hind okeanında hərbi dəniz təlimləri keçirəcək.
KONKRET.az mövzunu politoloq Tural İsmayılovla müzakirə edib. O isə bildirib ki, Kremlin gərgin vəziyyətə düşdüyü məqamda Rusiya, Çin və İranın Hind okeanında birgə təlim keçirməsi birmənalı şəkildə əzələ nümayişidir:
“Çünki hal hazırda Qərbdən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olunur. Eyni zamanda İranın nüvə danışıqları məsələsində uğursuzluq hökm sürür. Ona görə mən hesab edirəm ki, Rusiya ilə İranın Qərblə münasibətlərinin kifayət qədər kəskinləşdiyi bir məqamda, həmçinin Tayvan məsələsinə görə Qərblə aralarındakı qarşıdurmanın dərinləşdiyini nəzərə alanda Çinin özünün də belə bir təlimlərə ehtiyacı var’.
Politoloqun fikrincə, sözügedən ortaq təlim həm də NATO-ya bir mesajdır:
“Lakin istənilən halda hesab edirəm ki, hərbi təlimlərin sayının çox olması istər NATO, istər Hind okeanı arealında bu tip aktivliklər kiçik silahlı insident və qarşıdurmaların başvermə ehtimallarını da artırır. Postpandemiya dövründə dünyadakı qlobal problemlərlə bağlı vahid mövqe nümayiş edilməli bir məqamda bu qədər savaşların, həmçinin ortaq təlimlərin reallaşdırılmasının insanlıq adına pozitiv nəticələrinin olmayacağını düşünürəm”, – deyə Tural İsmayılov məsələyə münasibətini bitirib.
Anar Rəhimov,
KONKRET.az