Türkiyənin Hakkari vilayətində hüquq-mühafizə orqanları tərəfindən ölkə tarixinin ən böyük kibercinayətkarlıq əməliyyatlarından biri həyata keçirilib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi “X” hesabına məlumat yayıb.
Bildirilib ki, qeyri-qanuni mərc və dələduzluq şəbəkəsinə qarşı keçirilən xüsusi əməliyyat nəticəsində 52 şübhəli şəxs saxlanılıb. Hakkari Polis İdarəsi və Yüksekova Baş Prokurorluğunun koordinasiyası ilə aparılan kiberpatrul və texniki analizlər zamanı cinayətkar qruplaşmanın fantastik məbləğdə pul dövriyyəsi üzə çıxıb.
Məlumata görə, şəbəkənin idarə etdiyi vəsaitin həcmi təxminən 20 milyard TL (təxminən 450 milyon dollar) təşkil edir. Rəsmi qurumlar bu rəqəmin Türkiyədə indiyə qədər kibercinayətlər sahəsində müəyyən edilmiş ən yüksək məbləğ olduğunu vurğulayıblar.
Nazirlikdən verilən bəyanatda qeyd olunub ki, informasiya sistemləri vasitəsilə vətəndaşlara qarşı dələduzluq edənlərin virtual izlənməsi fasiləsiz davam etdirilir və bu cür cinayətkar qruplaşmalara qarşı mübarizə qətiyyətlə sürdürüləcək.//qafqazinfo.az
