Son günlər regionda artan gərginlik fonunda beynəlxalq təhlükəsizlik məsələləri yenidən gündəmin əsas mövzusuna çevrilib. Xüsusilə, NATO ölkələrinin mümkün hərbi proseslərə qoşulub-qoşulmayacağı ilə bağlı müzakirələr intensivləşib.
Hərbi-siyasi ekspertlər bildirirlər ki, alyansın hər hansı münaqişəyə birbaşa müdaxiləsi təkcə regional deyil, qlobal təhlükəsizlik balansına ciddi təsir göstərə bilər. Bu baxımdan, NATO-nun mövqeyi, qərar mexanizmləri və mümkün ssenarilər xüsusi maraq doğurur.
Hazırkı vəziyyəti nəzərə alaraq, NATO ölkələrinin müharibəyə qoşulma ehtimalı nə qədər realdır?

Elmir Səftərov
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Elmir Səftərov bildirib ki, hazırkı geosiyasi şəraitdə NATO-nun hər hansı müharibəyə birbaşa qoşulması ciddi nəticələrə səbəb ola bilər.
Onun sözlərinə görə, xüsusilə Rusiya–Ukrayna müharibəsi və Amerika–İsrail–İran xəttində artan gərginlik fonunda belə bir addım beynəlxalq münasibətlərdə ziddiyyətləri daha da dərinləşdirə və genişmiqyaslı müharibə riskini artırar.
Siyasətçi qeyd edib ki, 2026-cı ilin mart ayına olan hərbi-siyasi mənzərə kifayət qədər mürəkkəbdir və əsas müzakirə mövzularından biri NATO-nun müharibəyə qoşulması üçün hüquqi və siyasi şərtlərin formalaşıb-formalaşmamasıdır.
Səftərovun fikrincə, burada həlledici amil NATO-nun kollektiv müdafiə prinsipini nəzərdə tutan 5-ci maddəsidir:
“Bu maddə aktivləşdirilərsə, alyansın müharibəyə birbaşa qoşulması hüquqi baxımdan əsaslandırılmış və real addım olacaq”.
Şərhçi hesab edir ki, hazırda NATO-nun cənub cinahında müəyyən gərginliklər və raket hücumları qeydə alınsa da, bu hadisələr hələlik 5-ci maddənin işə düşməsi üçün yetərli sayılmır:
“Bunun əsas səbəbi NATO üzvü olan hər hansı ölkənin suveren ərazisinə açıq və birbaşa hücumun qeydə alınmamasıdır. Bu isə hüquqi öhdəliklərin hələ aktivləşmədiyini göstərir”.
Elmir Səftərov vurğulayıb ki, alyans daxilində də vahid mövqe formalaşmayıb. Qərarların konsensus əsasında qəbul edilməsi NATO-nun birbaşa hərbi müdaxiləsini çətinləşdirir:
“Macarıstan, Slovakiya, İspaniya və Türkiyə kimi bəzi ölkələr hərbi müdaxilə məsələsində daha ehtiyatlı mövqe sərgiləyir və bunu milli maraqlarına uyğun hesab etmirlər”.
Ekspert həmçinin onu da deyib ki, NATO ölkələrinin müdafiə xərclərini artırmaq istiqamətində addımlar atması və Donald Trampın bu istiqamətdə çağırışlarının güclənməsi diqqət çəkir. Bu isə üzv dövlətlərin müdafiə məsuliyyətinin artırılmasına və potensial risklərə hazırlığın gücləndirilməsinə yönəlib.
“Bütün bu amilləri nəzərə aldıqda, NATO hazırda daha çox çəkindirici və müdafiə xarakterli mövqe nümayiş etdirir və birbaşa müharibəyə qoşulma ehtimalı hələlik aşağı qiymətləndirilir”, deyə mütəxəssis sonda yekunlaşdırıb.
Dəniz Pənahova
KONKRET.az
