Pasxa bayramına qədər Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanması ehtimalı yenidən müzakirə mövzusuna çevrilib. Lakin mövcud beynəlxalq siyasi şərait bu prosesin yaxın zamanda baş tutacağını deməyə əsas verirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, yaxın müddətdə Rusiya və Ukrayna arasında sülh sazişinin imzalanması real görünmür.

Onun sözlərinə görə, tərəflərin birbaşa razılığa gəlməsi inandırıcı deyil və bu prosesdə əsas rolu beynəlxalq vasitəçilər oynamalıdır:
“Burada vasitəçilər – ABŞ, Avropa İttifaqı, Çin kimi iri güclər, müəyyən qədər isə Türkiyə ola bilər. Amma hazırkı beynəlxalq vəziyyətə baxanda görürük ki, bir çox ölkələr öz problemləri ilə məşğuldur.
ABŞ-ın müxtəlif münaqişələrdə iştirak etməsi, Çinin iqtisadi və geosiyasi risklərlə üzləşməsi, eləcə də Aİ-nin Ukraynanı müharibəni dayandırmaqdan daha çox Rusiyanı zəiflətmək strategiyasına üstünlük verməsi sülh prosesini çətinləşdirir.
Avropa İttifaqı Ukraynanın təslimçi sülhə razı olmasını indiki mərhələdə dəstəkləməz. Ola bilsin ki, müəyyən vaxtdan sonra mövqelər dəyişsin, lakin hazırda bu real görünmür,” – deyə o, vurğulayıb.
Ekspertin fikrincə, prosesə ən ciddi təsir göstərə biləcək əsas güc ABŞ-dır:
“ABŞ şərtlər irəli sürərək və təzyiq vasitələrindən istifadə edərək tərəfləri müəyyən razılaşmaya məcbur edə bilərdi. Lakin hazırda belə bir aktiv iştirak görünmür. Bu səbəbdən də yaxın zamanda sülh sazişinin imzalanacağı inandırıcı deyil.”
Tural Abbaslı əlavə edib ki, tərəflərin qarşılıqlı olaraq yüksək şərtlər irəli sürməsi də razılaşmanı çətinləşdirən əsas amillərdəndir.
Beləliklə, mövcud geosiyasi reallıqlar fonunda Pasxa bayramına qədər Rusiya–Ukrayna sülh sazişinin imzalanması ehtimalı olduqca aşağı qiymətləndirilir.
Aynurə İsmayıl
KONKRET.az
