Türkiyədə “Lvbel C5” səhnə adı ilə tanınan reper Süleyman Burak Bodur azərbaycanəsilli müğənni Asya Əlizadə ilə birlikdə ifa etdiyi “Kahpe” mahnısının sözlərinə görə araşdırmaya cəlb olunub.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, Bodur İstanbul Anadolu Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində saxlanılıb.
Prokurorluqda ifadə verən reper daxil olan şikayətlərdən xəbər tutduqdan sonra mahnını bütün rəqəmsal platformalardan sildiyini bildirib.
Mahnıdakı zorakılıq məzmunlu ifadələrlə bağlı sualı cavablandıran Bodur sözləri təxəyyülünə əsaslanaraq yazdığını və heç bir xüsusi niyyətinin olmadığını deyib. O, mahnıda zorakılıqdan bəhs edilmədiyini, sözlərin gənclərə ünvanlanan xəyali ifadələr olduğunu bildirib.
Reper mübahisə doğuran digər hissələrin duet ortağı Asya Əlizadəyə aid olduğunu söyləyərək ittihamları qəbul etməyib.
İfadəsi alındıqdan sonra Bodur “cinayət törətməyə açıq şəkildə təhrik etmə” ittihamı ilə həbs olunması tələbi əsasında hakim qarşısına çıxarılıb. İşin materiallarını və şübhəlinin qaçmaq riskinin olmadığını nəzərə alan məhkəmə həbs qərarının qeyri-mütənasib olacağı qənaətinə gəlib və prokurorluğun tələbini rədd edib.
Bunun əvəzinə reper barəsində bir sıra məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Onun ölkədən çıxışına qadağa qoyulub. Həmçinin Bodura həftənin bazar ertəsi və çərşənbə günləri polis bölməsinə gedərək imza atmaq, türk ədəbiyyatı ilə bağlı kitab oxumaq və ədəbiyyat təhsili almaq öhdəliyi verilib.
