Türkiyənin şimal-qərbində yerləşən Yalova vilayətində İŞİD terror təşkilatının üzvlərinə qarşı keçirilən xüsusi əməliyyat zamanı polis əməkdaşlarına silahlı hücum edilib.
KONKRET.az xəbər verir ki, hadisə dekabrın 29-na keçən gecə, yerli vaxtla saat 02:00 radələrində İsmet Paşa məhəlləsində baş verib. Terrorçuların saxlanılması məqsədilə həyata keçirilən əməliyyat zamanı silahlılar polisə atəş açıblar. Nəticədə 3 polis əməkdaşı həlak olub, 8 polis və 1 mühafizəçi isə yaralanıb.
Məlumata görə, evdə qadın və uşaqların olması səbəbindən əməliyyat xüsusi ehtiyat tədbirləri ilə aparılıb. Baş verən silahlı qarşıdurma zamanı 6 terrorçu zərərsizləşdirilib.
Qeyd olunur ki, onların hamısı Türkiyə vətəndaşı olub.
Daha sonra, həmin istintaq çərçivəsində günorta saat 12:00 radələrində Yalovanın Elmalık rayonunda əlavə əməliyyat keçirilib. İŞİD-lə əlaqəli şübhəlilərin yenidən atəş açması nəticəsində növbəti silahlı qarşıdurma yaşanıb. Əraziyə xüsusi təyinatlı polis qüvvələri və Yalova Jandarma Komandanlığının əməkdaşları cəlb edilib.
Təhlükəsizlik tədbirləri gücləndirilib, mülki şəxslərin və nəqliyyat vasitələrinin əməliyyat zonasına girişi qadağan olunub. Elmalık rayonu və ətrafdakı 5 məktəb müvəqqəti olaraq bağlanıb. Həmçinin ərazidə elektrik enerjisi və təbii qazın verilişi dayandırılıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, son bir ay ərzində İŞİD-ə qarşı aparılan əməliyyatlar zamanı 137 şübhəli saxlanılıb, 97 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Yalovadakı əməliyyat ölkənin 15 vilayətində eyni vaxtda keçirilən genişmiqyaslı reydlərin tərkib hissəsi olub və əməliyyatlar saat 09:40-da tam başa çatdırılıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
