ABŞ və Türkiyə F-35 böhranını ilin sonuna qədər həll edə bilər.
KONKRET.az xəbər verir ki, ABŞ-ın Ankaradakı səfiri Tom Barrak F-35 döyüş təyyarələri proqramı ilə bağlı Türkiyə və ABŞ arasında uzun illərdir davam edən mübahisənin ilin sonuna qədər həll olunacağını istisna etməyib.
Diplomat bildirib ki, hər iki tərəf “yeni başlanğıc” axtarır, və artıq ABŞ Konqresi bu məsələnin yenidən müzakirəyə çıxarılmasına hazırdır.
Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 zenit-raket sistemləri aldığı üçün F-35 proqramından çıxarılmışdı. Rəsmi Ankara bu qərarın dəyişdirilməsini və ya proqram üçün əvvəldən ödədiyi təxminən 1,3 milyard dolların geri qaytarılmasını tələb edir.
Bundan əlavə, Türkiyə CAATSA sanksiyalarının ləğvini və ABŞ ilə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini də gündəmdə saxlayır.
Prezident Rəcəb Tayyib Ərdoğan da məsələ ilə bağlı Donald Trampın müsbət yanaşma sərgiləyəcəyinə ümid etdiyini bildirib. Növbəti aylarda iki ölkə liderləri və diplomatik nümayəndələri arasında yeni təmaslar gözlənilir.
Natiq Səlim,
KONKRET.az