Özbəkistan və Qırğızıstan arasında sərhəd dəyişikliyi baş verib.
KONKRET.az Qırğızıstan prezidentinin mətbuat katibi Askat Alagözova istinadla xəbər verir ki, Özbəkistan dövlətlərarası sərhədlərin demarkasiyası çərçivəsində təxminən 2,5 min nəfərin yaşadığı iki kəndi Qırğızıstana təhvil verib.
Mətbuat katibinin sözlərinə görə, söhbət Çonqara və Taş-Tobo kəndlərindən gedir. Bu yaşayış məntəqələri Özbəkistanın Fərqanə vilayətinin tərkibində idi və orada yaşayan əhali etnik qırğızlardır.
“Qeyd olunan yaşayış məntəqələrinin müqabilində Qırğızıstan tərəfi Özbəkistan Respublikasına sərhədyanı zonada sahəsinə görə bərabər olan torpaq sahələri verib”, — deyə mətbuat katibi yazıb.
Alagözov əlavə edib ki, Özbəkistan və Qırğızıstan, həmçinin bərabər ölçülü torpaq sahələrini qarşılıqlı şəkildə dəyişiblər. Rəsmi şəxs bunun Batken vilayət mərkəzini Aydərkən şəhəri ilə birləşdirən yolun tikintisi üçün zəruri olduğunu bildirib.
2023-cü ildə Qırğızıstan və Özbəkistan ümumi sərhəd sahəsinin delimitasiya və demarkasiyasını rəsmən başa çatdırıblar. Nəticədə Bişkekə təxminən 19 min hektar mübahisəli ərazi, Daşkəndə isə 4,5 min hektar torpaq keçib. Həmçinin Kempir-Abad (Andican) su anbarı Özbəkistanın tərkibinə daxil olub. Müqaviləyə əsasən, tərəflər su ehtiyatlarını bərabərhüquqlu şərtlərlə idarə edəcəklər.\\Publika.az
