Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (HUR) 30 may tarixində Rusiya Federasiyasının Vladivostok şəhəri yaxınlığında uğurlu xüsusi əməliyyat həyata keçirib. Bu barədə “RBC-Ukrayna” öz mənbələrinə istinadla məlumat yayıb.
KONKRET.az xəbər verir ki, məlumata görə, səhər saatlarında Vladivostokun Desantnaya körfəzi yaxınlığında iki güclü partlayış baş verib. Hədəf Rusiya Silahlı Qüvvələrinin 155-ci Qvardiya Dəniz Piyada Briqadasının (hərbi hissə 30926) tərkibində fəaliyyət göstərən 47-ci ayrı desant-hücum batalyonunun dislokasiya məntəqəsi olub.
Partlayışlardan biri nəzarət-buraxılış məntəqəsində, digəri isə şəxsi heyət və briqada rəhbərliyinin yerləşdiyi ərazidə qeydə alınıb. İlkin məlumatlara görə, canlı qüvvə, hərbi texnika və xüsusi vasitələr məhv edilib.
Qeyd olunur ki, Desantnaya körfəzi Rusiya Sakit Okean Donanmasının təlimləri üçün istifadə olunur. Hücuma məruz qalan 155-ci briqada daha əvvəl Ukraynaya qarşı döyüşlərdə – Mariupol, Uqledar və Kursk vilayəti istiqamətlərində iştirak edib.
Natiq Səlim,
KONKRET.az