Son dövrlər ictimai nəqliyyatla bağlı şikayətlər durmadan artır. Belə ki, avtobusların intervalındakı problemlər, bəzi marşurt xəttləri üzrə hələdə köhnə avtobusların istifadə edilməsi, dayanacaq çatışmazlığı, istifadəsi uzun müddət dayandırılan marşurt xəttləri üzrə hərəkətin yenidən bərpa olunmaması və digər bu kimi məsələlər vətəndaşlar arasında narazılıq yaradır. Sərnişinlər gediş haqlarının artırılmasına baxmayaraq keyfiyyətlə bağlı dəyişikliyin olmadığını iddia edir. Bundan başqa yay aylarında bəzi avtobuslarda kondisionerlərin qoşulmaması sürücü və sərnişin qarşıdurmasına gətirib çıxarır. Bəs görəsən, rəsmi qurum, yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu iddialarla bağlı nə deyir? Bunu öyrənmək üçün adıçəkilən quruma sorğu ünvanladıq.
AYNA-nın mətbuat xidmətinin rəhbəri Tural Orucova sorğu sorğumuza cavab olaraq bildirdi ki, ölkədə avtobuslardan istifadə edən sərnişinlərin sayı artıb. Belə ki, 2025-ci ilin yanvar-iyun aylarında avtobuslarla 861 milyondan çox sərnişin daşınıb. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 52 milyon 554 min nəfər çoxdur:
“2025-ci ildə Bakıda ictimai nəqliyyatın payı 5,5 faiz artıb. Əgər 2023-cü ildə gedişlərin yarısı şəxsi avtomobil və taksilərlə həyata keçirilirdisə (48,4 faiz) və burada ictimai nəqliyyatın payı 28,4 faiz təşkil edirdisə, 2025-ci ilin ilk 5 ayı ərzində şəxsi avtomobil və taksilərlə həyata keçirilən gedişlərin sayı 41,8%-ə qədər azalıb. Bu müddət ərzində ictimai nəqliyyatın payı 33,9%-ə qədər artıb. İctimai nəqliyyatın daha da optimallaşdırılması, marşrut şəbəkəsinin genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi, o cümlədən qovşaqların yaradılması və avtobus dayanacaqlarının tikintisi səmərəsini verməkdədir. Avtobuslar üçün ayrılmış zolaqların uzunluğunun artırılması həlledici rol oynayır. Hazırda 40-a yaxın küçə və prospektdə ümumilikdə 112 kilometrdən çox avtobus zolağı çəkilib. Hər gün paytaxt və ətraf ərazilərdə bu zolaqlarla hərəkət edən avtobuslarla 1 milyona yaxın sərnişin daşınır. Bakı şəhərində avtobuslar üçün ayrılmış zolaqlar üzrə orta sürət artıb, şəhərin bir sıra ərazilərində gediş vaxtı 12-22 dəqiqəyə qədər qısalıb”.
Qurumun sözçüsü əlavə edib ki, ötən il, COP-29 ərəfəsində ölkəyə 160 elektrikli avtobus gətirilib:
“Hazırda dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan: elektrik enerjisi və ya sıxılmış təbii qazdan (CNG) istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. 2025-ci ilin əvvəlindən paytaxt marşrutlarına 50-yə yaxın yeni avtobus gətirilərək istismara verilib. Avqust-sentyabr aylarında nəqliyyat şirkətləri tərəfindən Bakıya ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək. Bu, paytaxtda avtobus sayının orta müddətli hədəfə – 2800-ə çatdırılmasını daha da yaxınlaşdıracaq. Hazırda Bakıda müntəzəm marşrut xətlərində rekord sayda – 2200-dən çox avtobus istifadə olunur.Azərbaycan yeni iqtisadi modelə uyğun olaraq ölkə ərazisində avtobusların istehsalını nəzərdə tutan layihənin icrasına başlayıb. Yaxın zamanlarda ölkədə Çin şirkəti ilə birlikdə avtobus istehsal edən zavod işə salınacaq”.
Natiq Səlim
KONKRET.az