Vikinqlər haqqında ARAŞDIRMA – Yanlış bildiyimiz faktlarbackend

Vikinqlər haqqında ARAŞDIRMA - Yanlış bildiyimiz faktlar

Dünya tarixinin populyar təqdimatında ən çox şişirdilən xalqlardan biri, yəqin ki, vikinqlərdir.

KONKRET.az xəbər verir ki, müəllif Nikolay Pegasov yazır ki, Danimarka və Norveçdən çıxaraq öz sürətli gəmiləri ilə Avropanın müxtəlif sahillərinə üz tutan, sahilyanı əhalini qorxu içində saxlayan skandinavlar haqqında çoxlu müasir filmlər, seriallar çəkilib və kompüter oyunları hazırlanıb. Bu təqdimatlarda onlar az qala məğlubedilməz döyüşçülər, böyük səyyahlar və Avropa tarixinin əsas qurucularından biri kimi göstərilir. Lakin bu obraz nə qədər tarixi reallığa uyğundur?

Mətnin müəllifi vikinqlərin tarixi rolunun ciddi şəkildə şişirdildiyini düşünür və bunu bir neçə arqumentlə əsaslandırır.

Amerika qitəsini kəşf etdilər, amma…

Vikinqlərin Şimali Amerikaya çatması tarixi faktdır. Onlar Nyufaundlenddə qısaömürlü yaşayış məskəni də yaratmışdılar. Lakin bu kəşf Avropanın sonrakı Amerika müstəmləkəçiliyinə ciddi təsir göstərmədi.

Avropalıların Amerika qitəsinin sistemli şəkildə mənimsənilməsinə başlaması üçün Kolumbun səfərlərini gözləmək lazım gəldi.

Vikinqlər Qrenlandiyada da daha uzunömürlü iki yaşayış məskəni yaratmışdılar. Formal olaraq Qrenlandiya da Amerika qitəsinə daxildir. Lakin Avropa ilə əlaqələr kəsildikdən sonra burada yaşayan skandinavlar sərt iqlim və ərzaq çatışmazlığı qarşısında tədricən yox oldular.

Əfsanəvi drakkarlar Avropanın gəmiçiliyini dəyişdirmədi

Vikinqlərin sürətli drakkarları həm okeanı keçə, həm də çayların dərinliklərinə daxil ola bilirdi. Bu gəmilər sahil basqınları üçün olduqca əlverişli idi.

Lakin müəllifin fikrincə, onların Avropa gəmiçiliyinin sonrakı inkişafına təsiri çox məhdud olub. Drakkarlar əsasən hərbi və qarət məqsədləri üçün yararlı idi və uzunmüddətli okean səfərləri üçün rahat və təhlükəsiz nəqliyyat vasitəsi sayılmırdı.

Sonrakı dövrlərdə italyanlar, portuqallar və hollandlar yük və sərnişin daşınması üçün daha böyük, praktik, rahat və təhlükəsiz gəmilər yaratdılar.

Vikinqlərin ticarəti nə qədər böyük idi?

Vikinqlərin Avropa boyunca ticarət etdikləri məlumdur. Bir istiqamətdə xəz və digər mallar, əks istiqamətdə isə Konstantinopoldan gətirilən ipək və qiymətli əşyalar daşınırdı.

Lakin bu ticarətin həcmi müəllifin fikrincə, Bizansın, İtaliya şəhər-dövlətlərinin və sonralar Hanza İttifaqının yaratdığı nəhəng ticarət şəbəkələri ilə müqayisə olunmayacaq qədər kiçik idi.

Rus dövlətinin yaranmasında rolu nə idi?

Skandinavların Volqa ticarət yolunun formalaşmasının ilkin mərhələsində və qədim Rus dövlətinin yaranması prosesində müəyyən rol oynadığı qəbul edilir.

Lakin burada da mübahisəli məqamlar var.

Müəllif hesab edir ki, sonradan “ruslar” adı ilə tanınan toplumda skandinav elementinin rolu həddindən artıq şişirdilir. Onun fikrincə, bu insanlar özlərini vikinqlər, normanlar, isveçlilər və ya danimarkalılar adlandırmırdılar və özlərini Skandinaviya ilə eyniləşdirmirdilər.

Fəth etdikləri ərazilərdə izləri nə qədər qaldı?

Mətnin müəllifi vikinqlərin Normandiya, Siciliya və Cənubi İtaliyadakı genetik təsirinin olduqca zəif olduğunu iddia edir. Onun fikrincə, skandinavlar zaman keçdikcə yerli əhali arasında demək olar ki, tamamilə assimilyasiya olunublar.

İngiltərə və Şotlandiyada isə onların uzun müddət geniş ərazilərə nəzarət etməsinə baxmayaraq, müəllif burada da skandinavların genetik və mədəni təsirinin gözlənildiyindən az olduğunu düşünür.

Qarət etmək başqa, dövlət qurmaq başqadır

Vikinqlərin uzunmüddətli və uğurlu qarət yürüşləri keçirdiyi məlumdur. Lakin müəllif hesab edir ki, onlar bunun əsasında sabit şəhər iqtisadiyyatı yarada bilmədilər.

Birka, Hedebi və Qotland kimi mühüm ticarət və sənətkarlıq mərkəzlərinin sonradan tənəzzül etməsi və ya tərk olunması da bu fikrin sübutu kimi göstərilir.

Mətnə görə, Norveç və İslandiya uzun əsrlər boyu ağır iqtisadi vəziyyətdə yaşayıb, Danimarka və İsveçdə vəziyyət isə bundan çox da fərqlənməyib.

Onlar həqiqətən böyük sərkərdələr idilər?

Vikinqlərin hərbi istedadlarının da populyar mədəniyyətdə həddindən artıq şişirdildiyi iddia olunur.

Onların əsas üstünlüyü sürpriz hücum, dənizdən qəfil çıxış və müdafiəsiz lyaşayış məntəqələrini ildırım sürətilə qarət etmək idi. Bu taktika onlara çoxsaylı qələbələr qazandırırdı.

Lakin uzunmüddətli müharibələrdə, xüsusilə yaxşı təşkil olunmuş və təlim keçmiş böyük ordulara qarşı mübarizədə vəziyyət fərqli idi.

Məsələn, Britaniyada danimarka və norveçlilərin yaratdığı Danelou ərazilərinin taleyi sonda anqlo-saksonların xeyrinə dəyişdi və İngiltərənin birləşməsi baş verdi.

Vikinqlər və Bizans imperatorlarının mühafizəsi

Vikinqlərin bir hissəsi tarixə varanqlar və ya varyaqilər adı ilə düşüb. Onlar Bizans imperatorlarının şəxsi mühafizə dəstələrində xidmət edirdilər.

Bu fakt müəllif tərəfindən belə şərh olunur: skandinav döyüşçüləri xarici imperiyanın xidmətinə keçərək maddi imtiyazlar və yüksək status əldə etməyə hazır idilər.

Lakin burada da maraqlı məqam var: Konstantinopoldakı imperatorların mühafizəsində yalnız skandinavlar xidmət etmirdi. Britaniya adalarından gələn anqlo-saksonlar və Rus torpaqlarından olan slavyanlar da Bizans sarayının hərbi dəstələrində xidmət göstərirdilər.

Bəs mədəni irs?

Mətnin ən sərt iddialarından biri vikinqlərin Avropa intellektual tarixində qoyduğu izin çox məhdud olmasıdır.

Müəllif onların bütpərəst və savadsız toplumlar olduğunu, buna görə də Avropanın intellektual inkişafına ciddi elmi və texnoloji töhfə verə bilmədiklərini bildirir.

Skandinavların Edda və saga ənənələri isə sonrakı dövrlərdə böyük maraq doğurdu. Lakin mətnin müəllifinə görə, bu irs Avropada xüsusilə XIX əsrdə – romantizm dövründə yenidən kəşf edildi və məşhurlaşdı.

Vikinqlər: tarix, yoxsa populyar mədəniyyətin yaratdığı obraz?

Bu gün “Vikinqlər” deyəndə gözümüzün qarşısında çox vaxt buynuzlu dəbilqələr taxan, nəhəng baltalarla döyüşən, Avropanı diz çökdürən qorxunc dənizçilər canlanır.

Lakin bu obrazın böyük hissəsi sonrakı əsrlərin ədəbiyyatı, incəsənəti, kino və televiziya məhsullarının yaratdığı mifologiyadır.

Vikinqlər, şübhəsiz ki, Avropa tarixində mühüm iz qoyublar. Onlar Şimali Atlantikanı keçiblər, İngiltərə və İrlandiyanın tarixində mühüm rol oynayıblar, Şərqi Avropanın ticarət yollarında iştirak ediblər və müxtəlif dövlətlərin siyasi həyatına təsir göstəriblər.

Amma onların tarixini yalnız qəhrəmanlıq, fəth və məğlubedilməzlik prizmasından təqdim etmək də doğru deyil.

Tarixi seriallara baxarkən və ya “tarixi” kompüter oyunları oynayarkən bir şeyi unutmamaq lazımdır: ekrandakı vikinqlərlə real tarixdə yaşamış skandinavlar eyni şey deyil.

Tarix miflərdən daha mürəkkəbdir. Və bəzən ən böyük qəhrəmanlıq hekayələrinin arxasında daha adi, daha ziddiyyətli və daha mürəkkəb bir reallıq dayanır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*