Xaçmaz Rayon Polis Şöbəsinin rəisi ötən həftə Xaçmaz rayonunda fəaliyyət göstərən bələdiyyə sədrlərini toplayıb onlara aztəminatlı ailələrin siyahısının hazırlanıb ona təqdim edilməsini xahiş edib. Bunun üçün polis rəisi bütün bələdiyyələrə 1 həftə müddət verib.
Artıq 10-dan çox bələdiyyə aztəminatlı ailələrin siyahısını polisə təqdim edib. Bu siyahının polis tərəfindən istənməsinin səbəbi isə təəccüblə qarşılanıb. Məsələ ilə bağlı KONKRET.az-ın bölgə müxbirinin apardığı araşdırmaya görə, bu siyahı həmin insanlara yardımların olunması üçün gərək olub.
“Dolana bilməyən, əlil və Qarabağ qaziləri, şəhid ailələri, həmçinin ailə başçılarını itirən bütün kasıb ailələrin siyahısını hazırlayın. Onu bir həftə ərzində mənə təhvil verin. Ərazidə həmin ailələrin rastlaşdığı problemləri araşdırın. Qeyd edin. Torpaq sənədləri, mağaza borcları, xəstəlikləri və digər çətinliklərin hamısın qeyd edin”.
Toplantıda polis rəisi Həmid Həsənov qeyd edib ki, o insanlara lazım olan yardımlar ediləcək:
“O adamlara mənim telefon nömrəmi verin. Çəkinməsinlər. Qarşılaşdıqları bütün problemlər barədə mənim nömrəmə zəng etsinlər”.
Qeyd edək ki, bir müddət əvvəl rəis şəhər təsərrüfatı üçün 30 ədəd məişət tullantıları yeşikləri alaraq şəhər nümayəndəliyinə təhvil vermişdi. Bundan başqa, rəisin ən təccüblə qarşılanan əməli bir neçə aztəminatlı şəxsə avtomobil hədiyyə etməsi olmuşdu. \
Həmid Həsənov evləri qəzalı vəziyyətdə olan bir neçə ailəyədə maddi yardım edib. Son zamanlar bu kimi xeyriyyəçi əməllərlə gündəmə gələn polis rəisi 1 kasıb ailənin toy xərclərini və bir neçə insanın müalicə xərclərini öz üzərinə götürmüşdü. İmkansız ailənin toy xərclərini öz öhdəsinə alan rəis bəyin elçilik mərasiminə də qatılıb. Rəisin avtomobil hədiyyə etdiyi şəxslərdən biri də həmin bəydir.
Cəlal Fərzəliyev